Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəman Fərhad Hümbətovun xatirəsi yad olundu

31 mart 2023 | 12:25

31 mart 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətovun Binəqədi rayonu ərazisində yerləşən büstü qarşısında xatirəsi yad edildi.

Tədbirdə şəhidin anası Salatın Hümbətova, ailə üzvləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın, M.Ə.Rəsulzadə qəsəbə bələdiyyəsinin, İctimai Birliklərin məsul nümayəndələri, Binəqədi rayonu ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin rəhbərləri, müəllim və şagird kollektivi iştirak etdilər.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirərək qeyd etdi ki, şəhidlərimizin hər bir zaman bizim fəxr yerimiz, qürür mənbəyimizdir. Sevinc Süleymanova Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətovun həyatı və keçdiyi döyüş yolu haqqında iştirakçılara məlumat verərək söylədi ki, Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımız uğrunda silaha sarılaraq mübarizəyə qalxan igid oğullarımızın arzularını Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində qəhrəman əsgərlərimiz reallaşdırdılar. Ali Baş Komandan İlham Əliyevin dəmir yumuruğu və iradəsi sayəsində igidlərimiz Vətən müharibəsində Şanlı tarix yazdılar, bayrağımızı zirvələrdə dalğalandırdılar. Bu bizim möhtəşəm tarixi qələbəmiz və zəfərimiz oldu.

Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev şəhidlərimizin əziz xatirəsinin hər zaman uca tutulduğunu qeyd edərək, onların ailələrinə böyük ehtiramını bildirdi.

Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətov ilə bağlı xatirələrini bölüşən anası-Salatın ana hər bir şəhidimizin qəhrəman olduğunu, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəsi adından dərin təşəkkürünü və minnətdarlığını bildirdi.

Tədbir 6 saylı Uşaq-Gənclərin İnkişafı Mərkəzinin dərnək üzvlərinin hazırladığı şeir kompozisiyası ilə davam etdi.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər