Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş Gününə həsr olunmuş XXIX “Şahin” hərbi-idman oyununun final mərhələsində birinciliyi Binəqədi rayonu qazandı

16 iyun 2026 | 15:26

Milli Qurtuluş Gününə həsr olunmuş XXIX “Şahin” hərbi-idman oyununun final mərhələsi bu il “Gənclər Paytaxtı” Goranboy rayonunda keçirildi.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Ümüdvar Quliyev və digər qurumların məsul şəxsləri iştirak etdilər.

Yarışdan öncə Şəhidlər Xiyabanı ziyarət olunub. Daha sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsinə kimi hərbi orkestrin müşayiəti ilə dövlət bayrağı ilə yürüş təşkil edildi.

Rəsmi açılışdan sonra oyunlara start verilib. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tərəfdaşlığı ilə ümumtəhsil müəssisələrinin X və XI siniflərində təhsil alan şagirdlər arasında keçirilən “Şahin” hərbi-idman oyununun finalında 14 komanda sıra hazırlığı, darağa patronların doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, fiziki hazırlıq, maneələrin dəf olunması, tüfəngdən hədəfə atəş açılması, mülki müdafiə hazırlığı, çadırın qurulması və intellektual müsabiqə mərhələlərində güclərini sınadılar.

Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Dəstəsinin nümunəvi çıxışının ardınca mükafatlandırma mərasimi təşkil olundu.

Ən yüksək xal toplayan Bakının Binəqədi rayonunun komandası birinci, Nizami rayonunun komandası ikinci, İsmayıllı rayon komandası isə üçüncü yerə layiq görüldülər.

Tədbir Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıqla yekunlaşdı.

Keçidlər