Şriftin ölçüsü :

Saytın rəngi :

Payız-qış mövsümündə yanğın təhlükəsizliyi qaydalarına diqqət artırılmalıdır!

14 sentyabr 2023 | 16:27

Yanğınların statistikası göstərir ki, payız-qış mövsümündə havaların soyuması, insanların istilik sisteminə tələbatlarının yaranması və bu məqsədlə elektrik və qaz təsərrüfatından daha çox istifadə etməsi nəticəsində yanğınların sayı yaz-yay dövrü ilə müqayisədə artır. Dünyanın hər yerində olduğu kimi respublikamızda da payız-qış mövsümündə bu artım qeydə alınır və yanğınların çox hissəsi yaşayış sektorunun payına düşür. Çox təəssüf ki, bu hadisələrin qarşısını hələ tamamilə almaq mümkün deyil. Ancaq yanğınların sayını minimuma endirmək, hadisə zamanı insan itkisinin qarşısını almaq mümkündür.

Respublika ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi üçün Dövlət Yanğın Nəzarəti Xidməti nəzarət tədbirlərini icra edir və hər il payız-qış mövsümünün başlanması ilə əlaqədar müxtəlif qabaqlayıcı tədbirlər həyata keçirir.

Baş verən ən faciəli yanğın hadisəsi insan tələfatı ilə nəticələnən yanğınlardır və təbii ki, bu da fərdi yaşayış evlərində və mənzillərdə baş verən yanğınlar zamanı qeydə alınır. Mütəmadi olaraq əhali arasında təbliğat xarakterli söhbətlər aparılsa da, kütləvi informasiya və təşviqat vasitələrindən istifadə edərək maarifləndirmə işləri görülsə də vətəndaşlarımız eyni səhvləri yenidən buraxır, beləliklə də yeni-yeni yanğınlara, digər fəlakətlərə yol açırlar. Odur ki, hündürmərtəbəli binalara, yaşayış evlərinə baxışların keçirilməsi, əhali arasında yanğın-texniki biliyin artırılması məqsədilə təbliğat xarakterli işlərin görülməsi vacibdir və bu məsələ daimi olaraq müəssisə rəhbərlərinin diqqətində olmalı, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən verilmiş göstəriş və tövsiyələrin icrası ilə bağlı müvafiq tədbirlər görməlidirlər.

Payız-qış mövsümünün başlanması ilə əlaqədar hər il Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları yanğınların və insan tələfatının qarşısını almaq məqsədilə təbliğat xarakterli tədbirlər həyata keçirirlər.

Yanğınların təhlilinin nəticəsi göstərir ki, mənzillərdə yanğınların baş verməsinin əsas səbəbi elektrik və qaz cihaz və qurğularının quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması, odla və qaynaq vasitəsilə işlər görülərkən ehtiyatsızlıq, uşaqların  odla dəcəlliyi və s. olmuşdur. Ona görə də respublika ərazisində  payız-qış mövsümündə havaların soyumasını nəzərə alaraq, yanğınların baş verməsinə şərait yaradan amillərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin gücləndirilməsi məqsədilə yaşayış binalarında sakinlər arasında maarifləndirmə işləri aparılmış, açıq alovdan, yəni şam və məşəldən istifadənin, sobanın üzərində və yanında paltar qurudulmasının, kustar üsulla düzəldilmiş elektrik və ya qaz cihazlarından istifadənin, bacaların yaxınlığındakı çardaqlarda asan alışan maye və maddələrin, məişət qaz balonlarının saxlanılmasının, nasaz cihazların istismarının, uşaqların odla dəcəlliyinin real yanğın təhlükəsi yaratdığı əhalinin nəzərinə çatdırılmışdır. Eyni zamanda bu məqsədlə sakinlərə Xidmət tərəfindən hazırlanmış, yanğın təhlükəsizliyi qaydalarını ehtiva edən - “Vətəndaşların nəzərinə” adlı yaddaş vərəqələrinin paylanması, binaların lift kabinələrinə “Mənzildə yanğın zamanı davranış qaydaları” adlı stikerlər yerləşdirilməsi təmin edilmişdir. Bu işə icra hakimiyyətlərinin mənzil-kommunal istismar sahələrinin, qaz və elektrik enerjisinin istismarı idarələrinin, bələdiyyələrin nümayəndələri də cəlb edilmişdir.  

Əhali ilə görüşlərdə yanğına qarşı təbliğat apararkən onların nəzərinə çatdırılmalıdır ki, yaşayış binalarının bloklarında və mərtəbələrində quraşdırılmış paylayıcı elektrik lövhələrinin “Elektrik qurğularının quraşdırılması qaydaları”nın və “Yanğın təhlükəsizliyi qaydaları”nın tələblərinə uyğun olaraq istismar edilməsinə, elektrik lövhələrində yalnız standarta uyğun elektrik qoruyucularından istifadə olunmasına diqqət yetirilməlidir. Həmçinin çardaqların daim təmiz saxlanılması, taxta konstruktiv elementlərinin odadavamlı məhlulla hopdurulması, mövcud pəncərələrin şüşələnməsi, çardağa çıxış qapılarının, eləcə də yanğına qarşı divarlarda və ventilyasiya kameralarında quraşdırılmış qapıların kip vəziyyətdə, bağlı olması təmin edilməlidir. Yaşayış binalarının zirzəmiləri daim təmiz saxlanılmalı, giriş qapıları bağlı vəziyyətdə olmalı və açarlar birinci mərtəbədə yerləşən mənzillərdən birində və yaxud komendatda olmalıdır.

Yaşayış binalarının birinci mərtəbəsində layihə üzrə nəzərdə tutulmuş yanğın keçidlərinin açıq vəziyyətdə saxlanılmasına, başqa məqsədlər üçün istifadə edilməməsinə daim diqqət yetirilməlidir. Keçidlərin tutulmasına imkan verilməməlidir.

Yaşayış evlərində elektrik və qaz cihazlarının təhlükəsiz istifadə olunmasına, tüstü boru və bacalarının düzgün quraşdırılmasına, təmizlənməsinə fikir verilməlidir. Yaşayış binalarının birinci mərtəbəsində, zirzəmisində asan alışan və yanar mayelərin saxlanılması, təxliyə yolları hesab edilən pilləkən qəfəslərində və dəhlizlərdə əl damlarının yaradılması, eləcə də pilləkən marşları altında və onların meydançalarında əşyaların yığılması qadağandır.

Hündürmərtəbəli yaşayış binalarının mərtəbələrində yanğına qarşı daxili yanğın su kranlarını şlanqlarla, birləşdirici başlıq və lülələrlə təchizini, su təzyiqini qaldırmaq üçün nəzərdə tutulmuş nasosların, avtomatik yanğın xəbərverici siqnalizasiya və yanğınsöndürmə qurğularının, tüstü xaricetmə və ventillyasiya sistemlərinin işlək vəziyyətdə olması təmin edilməlidir.

Qəsəbə və kənd yaşayış məntəqələrində, fərdi həyətyanı sahələrdə də quru otların daşınması, yığılması, sobalardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına da ciddi diqqət yetirilməlidir. Bütün bunlar isə əlbəttə ki, mənzillərdə, fərdi yaşayış sahələrində yanğınların baş verməməsinə və hadisə zamanı insan itkisinin qarşısının alınmasına xidmət edir.

Yanğınların baş verməməsi üçün hər bir vətəndaş yanğın təhlükəsizliyi qaydalarını bilməli və onlara əməl etməlidir!

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti

Keçidlər