“Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” mövzusunda hesabatın təqdimatı keçirildi
22 fevral 2023-cü il tarixində “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” mövzusunda hesabatın təqdimatı keçirildi.
Avropa İttifaqı və Avropa Şurasının “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq şəraitində hazırlanan hesabatın təqdimat mərasimində bir sıra dövlət qurumlarının məsul əməkdaşları, qeyri-hökumət təşkilatlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər.
Tədbir Avropa Şurasının Bakıdakı Ofisinin rəhbərinin müavini Kyrylo Boicheniukun moderatorluğu ilə keçirilib. O, adıçəkilən layihə haqqında mühüm məlumatları diqqətə çatdıraraq, tərəfdaşlara göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Kampaniya çərçivəsində qərar qəbul edənlər, vəzifəli şəxslər, hüquqşünaslar, müəllimlər və tələbələr, eləcə də geniş miqyasda cəmiyyət arasında həyata keçirilən maarifləndirmə tədbirlərini qeyd edib. Avropa Şurasının rəsmisi aparılan işlərin davamlılığını təmin etmək üçün nəticələrə nəzər yetirmək, öyrənilən dərsləri müətyən etmək, digər ehtiyacları qiymətləndirmək və gələcək fəaliyyətlərin müzakirə edilməsi baxımından tədqiqatın əhəmiyyətini vurğuladı.
Layihənin məqsədini qeyd edən Kyrylo Boicheniuk bildirdi ki, bu hesabat daxili qanunvericilik və siyasət bazasının beynəlxalq standartlara daha da uyğunlaşdırılmasında Azərbaycanın səlahiyyətli orqanlarına dəstək olmaq üçün hazırlanmışdır. Bu, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın əsas məqsədinə uyğundur ki, bu da ölkədə məişət zorakılığının qarşısının alınması üzrə tədbirlərin beynəlxalq standartlara uyğunlaşdırılması, ailələrin möhkəmləndirilməsi naminə onların vaxtında və hərtərəfli yardımla təmin edilməsi, bu problemlə mübarizə sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan tədbirlərin görülməsi və səmərəliliyin artırılmasından ibarətdir.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova açılış nitqi ilə çıxış edərək, adıçəkilən regional layihəyə göstərilən dəstəyə görə təşəkkürünü bildirib. O qeyd edib ki, layihə fəaliyyətı başladığı gündən həyata keçirilən bütün birgə tədbirlər yüksək səviyyədə təşkil edilmiş və maraqla qarşılanmışdır.
Dövlət Komitəsinin sədri haqqında danışılan mövzu ilə bağlı məlumatlılığın artırılması, institusional mexanizmlərin və peşəkar bacarıqların gücləndirilməsinin layihənin əsas məqsədi olduğunu diqqətə çatdırıb: “Layihə əsasən, hüquq mühafizə orqanları və digər dövlət orqanlarının əməkdaşları, ədliyyə işçiləri, hakimlər, hüquqşünaslar, qeyri hökümət təşkilatları üçün nəzərdə tutulub”.
B.Muradova bildirib ki, Dövlət Komitəsinin fəaliyyət istiqamətlərindən ən vacibinin gender bərabərliyinin təmin olunması və ona mane olan problemlərin aradan qaldırılması üçün əlaqələndirici funksiyasından istifadə edərək bütün tərəfdaşlarla birgə işin qurulmasıdır. O, Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətləri diqqətə çatdırdı.
Mühafizə orderləri barəsində hesabatın hazırlanması prosesində Dövlət Komitəsi ilə müzakirələrin aparıldığını və ehtiyacların müəyyən edildiyini qeyd edən sədr bildirib ki, Komitə materialların hazırlanması ilə bağlı müsahibələrin təşkilində, dövlət orqanları ilə əlaqələndirmədə və hesabatların yekun mətnlərinə rəy bildirilməklə layihəyə öz texniki dəstəyini göstərdi.
Bahar Muradova qeyd etdi ki, məişət zorakılığı ilə bağlı üç ili əhatə edən Milli Fəaliyyət Planı çərçivəsində qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə təkliflər paketinin hazırlanması, zərərçəkmiş şəxslərin müdafiəsi üzrə institusional mexanizmlərin yaradılması, peşəkar bacarıqların gücləndirilməsi və məlumatlılığın artırılması ilə bağlı görülmüş işlər Azərbaycan hökumətinin bu məsələdə həssaslığını nümayiş etdirir.
Bütün yerli icra hakimiyyətlərində qanunun icrasının gücləndirilməsi və qurumlararası əlaqələndirməni formalaşdırmaq məqsədi ilə yaradılan gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının işi haqqında danışan sədr diqqətə çatdırıb ki, Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq monitorinq qrupları ilə görüşlər keçirilir, onlar üçün təlimlər təşkil olunur.
Mühafizə orderlərinin tətbiqi ilə bağlı bir sıra çətinliklərin mövcud olduğunu diqqətə çatdıran B. Muradova bildirib ki, zərərçəkən şəxslərə verilən orderlərin sayı baş vermiş hadisələrin sayına adekvat deyil. O, hazırda mövcud sahə üzrə təkliflər paketinin hazırlandığını qeyd edərək, təkliflər paketində qısamüddətli mühafizə orderlərinin müddəti və verilmə prosedurları ilə bağlı məsələlərin də öz əksini tapdığını əlavə edib: “Həmçinin zərər çəkmiş şəxslərin müdafiəsi üzrə əlaqələndirmə mexanizminin yaradılması, məişət zorakılığının kriminallaşdırılması, zərər çəkmiş şəxslərə pulsuz hüquqi yardım göstərilməsi qaydası və s. məsələlərlə bağlı təkliflər də Nazirlər Kabinetinə təqdim edilmişdir”.
O, bildirib ki, hazırda təqdim edilən hesabatın hazırlanması prosesində ortaya çıxan nəticələr, Azərbayandakı mövcud vəziyyət, ayrı-ayrı ölkələrin qabaqcıl təcrübəsi ilə müqayisədə aparılmış təhlillərin nəticəsindən irəli gələn tövsiyələr bu istiqamətdə görüləcək işlərin konkretləşməsinə kömək edəcək.
Çıxış edən Avropa Şurasının Gender Bərabərliyi Bölümünün rəhbəri Katerina Boloqnez bildirib ki, bu layihə qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə məsələsini qaldıran Avropa Şurası tərəfindən Avropa İttifaqı ilə birlikdə Azərbaycanda həyata keçirilən ilk layihədir. O qeyd edib ki, 2020-ci ildən icra olunan layihə çərçivəsində kampaniyalar vasitəsilə 100.000-dən çox insan əhatə olunmaqla beynəlxalq standartlar haqqında məlumatlılığın artırılması istiqamətində 40-dan çox vizual material hazırlanmışdır. K.Boloqnez diqqətə çatdıırb ki, Avropa Şurasının Azərbaycan üzrə 2022-2025-ci illər üzrə Fəaliyyət Planında qeyd olunduğu kimi, Avropa Şurası və Azərbaycan hakimiyyəti gender bərabərliyini təşviq etmək, eləcə də qadınlara qarşı və məişət zorakılığı ilə mübarizə aparmaq məqsədilə əməkdaşlıq proqramlarının davamı barədə razılığa gəliblər. Gender əsaslı və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə, gender bərabərliyinin təşviqi və gücləndirilməsi və qadınların ədalət mühakiməsinə çıxışının yaxşılaşdırılması bu Fəaliyyət Planında müəyyən edilmiş strateji sahələrdən biridir.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyini təmsil edən Məryəm Hacı-İsmayılova qeyd edib ki, görülən işlər arasında ən çox yadda qalan və xüsusi əhəmiyyət kəsb edən məsələ mühafizə orderlərinin verilməsi ilə bağlı qanunvericiliyin təhlili olmuşdur. Təəssüflər olsun ki, mühafizə orderlərinin verilməsində statistik rəqəmlər aşağıdır, bu da onu göstərir ki, bu sahədə görülməli işlər çoxdur. O, görülən səmərəli işlərin davamlı olması, zərərçəkənlərin müdafiəsinin təmin edilməsi, mövcud problemlərin aradan qaldırılması üçün həm monitorinq qruplarının, həm hökumət orqanlarının, həm də qeyri-hökumət təşkilatlarının səylərinin birləşdirməsinin vacibliyini vurğulayıb. M. Hacı-İsmayılova müvafiq istiqamətdə Avropa İttifaqının cari ilin mart ayında yeni bir layihəyə başlayacağını, bu məqsədlə də tədbir iştirakçılarını həyata keçirilən tədbirlərə töhfə verməyə çağırdı.
Konfrans “Mühafizə orderləri üzrə hesabatın təqdimatı: əsas nəticələr və tövsiyələr” mövzusu üzrə davam etdi.
Avropa Şurasının məsləhətçisi Roza Loqar diqqətə çatdırıb ki, hesabatda əksini tapan tövsiyələr beynəlxalq standartlara və qabaqcıl təcrübələrə əsaslanır, eləcə də Azərbaycanda həyata keçirilmiş vəziyyətə uyğunlaşdırılmış çoxsaylı və təfsilatlı tədbirləri əhatə edir: “Hesabatdakı əsas tövsiyələrdən biri qadına qarşı zorakılıq və məişət zorakılığı qurbanlarının evlərində təhlükəsiz yaşamaq hüququnu təmin etmək, real təhlükənin mövcud olduğu hallarda məişət zorakılığı törətmiş şəxsə qurbanın yaşadığı yeri tərk etmək barədə göstəriş vermək və zorakılığı törətmiş şəxsin qurbanın yaşayış yerinə daxil olmasını və ya onunla əlaqə saxlamasını qadağan etməkdir”. O əlavə edib ki bu cür tədbirlər qurbanların təhlükəsizliyinə prioritet verməklə dərhal həyata keçirilməli və kifayət qədər müddət üçün nəzərdə tutulmalıdır”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə Ibrahimova məişət zorakılığı ilə bağlı Komitəyə daxil olmuş vətəndaş müraciətləri ilə bağlı statistik rəqəmləri diqqətə çatdırıb. O bildirib ki, 544 müraciətdən 475-i qadınlar, 20-i kişilər, 81-i isə uşaqlar tərəfindən olmuşdur. Onlar arasında psixoloji zorakılıqla (409) bağlı müraciətlər üstünlük təşkil etmişdir. T. İbrahimova ötən il 146 qısa müddətli, 12 uzun müddətli mühafizə orderlərinin təmin edildiyini bildirdi.
Komitə nümayəndəsi zorakılıq halları ilə mübarizədə əlaqələndirilmiş fəaliyyətin və operativ tədbirlərin görülməsinin əhəmiyyətini vurğuladı.
Daha sonra Avropa Şurasının Bacarıqların möhkəmləndirilməsi və əməkdaşlıq layihələri şöbəsinin əməkdaşı Pərvanə Bayramovanın moderatorluğu ilə hesabatın tərəfdaşlarla müzakirəsi baş tutub və layihənin naliyyətləri, eləcə də çətinlikləri haqqında təqdimat nümayiş etdirilib. Konfransa onlayn formatda qoşulan Avropa Şurasının ekspertləri Cenna Logeais və Marta Beserra layihənin icrası istiqamətində görülən işlər və növbəti mərhələ üçün həyata keçirilməsi nəzərdə tutulan tədbirləri diqqətə çatdırdılar.
Yekunda Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək, lahiyənin növbəti mərhələsi üçün həyata keçiriləcək fəaliyyətə uğurlar arzu etdi.