Qarabağ müharibəsində şəhid olmuş Həmzə Babaşovun anım günü qeyd edildi
29 yanvar 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Həmzə Babaşov küçəsində Qarabağ müharibəsində şəhid olmuş Həmzə Babaşovun büstü önündə anım günü qeyd edildi.
Anım günündə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, şəhid Həmzə Babaşovun ailə üzvləri, döyüş yoldaşları, ictimai birliklərin nümayəndələri iştirak etdilər.
Tədbir suverenliyimizin, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra açıq elan edildi.
Tədbir iştirakçıları şəhid Həmzə Babaşovun büstünün önünə əklil və gül dəstələri qoyaraq şəhidin xatirəsini ehtiramla yad etdilər.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında vurğuladı ki, müqəddəs torpaqlarımız uğrunda haqq savaşında canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Vətən müharibəsində qazanılan Şanlı Qələbəmiz bundan sonra da əsrlər boyu xalqımızın ən böyük vətənpərvərlik tarixi, Şanlı qəhrəmanlıq salnaməsi olacaqdır. Ali Baş Komandan cənab İlham Əliyevin müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı rəşadət və şücaət göstərərək düşmənin 30 ildən artıq davam edən hərbi təcavüzünə son qoymaqla Vətən və xalq qarşısında olan şərəfli vəzifəsini layiqincə yerinə yetirdi. Vətənimizin azadlığı və ərazi büövlüyü uğrunda mübarizədə qəhrəmancasına həlak olmuş şəhidlərimizin həyat salnaməsi bütün nəsillər üçün əsl örnəkdir. Belə oğullardan biri də əslən Cəbrayıl rayonundan olan Həmzə Babaşovdur. Vətənin çətin anında minlərlə oğul kimi Həmzə Babaşov da torpaqlarımızın müdafiəsinə qalxdı və müqəddəs Vətən torpaqlarımızın uğrunda qəhrəmanlıq göstərərək şəhid oldu. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirələrini uca tutur.
Tədbirdə şəhidin döyüş yoldaşları, müharibə veteranları, şəhid ailələri öz təəssüratlarını bölüşdülər. Çıxış edənlər Həmzə Babaşovun döyüş meydanında göstərdiyi şücaətdən və iştirak etdiyi döyüş əməliyyatlarından danışdılar.
Şəhidin qardaşı Şakir Yaqubov ailə üzvlərinin adından şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürü bildirdi.
Tədbirin sonunda 6 №li Uşaq-Gənclər İnkişaf Mərkəzinin məktəblilərinin ifasında bədii qiraət dinlənildi.