Şriftin ölçüsü :

Saytın rəngi :

Respublikada ikinci dəfə keçirilən “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” adlı beynəlxalq kibertəhlükəsizlik festivalı başa çatdı

15 oktyabr 2025 | 14:55

2025-ci ilin 9-10 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” adlı beynəlxalq kibertəhlükəsizlik festivalı keçirildi.

Tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə keçirildi.

İkinci dəfə keçirilən “CIDC-2025” tədbirinə ümumilikdə 2245 ziyarətçi, 360 təlim iştirakçısı, 47 komanda və 56 tərəfdaş təşkilat qoşulmuşdur. Ziyarətçilərin arasında mərkəzi və yerli icra hakimiyyətlərinin nümayəndələri də iştirak etdilər.

Festivalın əsas məqsədi kritik infrastrukturun müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması, həmçinin dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsidir.

Kiberfestivalın açılış mərasimində dövlət qurumlarının rəhbər şəxsləri, beynəlxalq şirkətlərin nümayəndələri, kibertəhlükəsizlik mütəxəssisləri, akademik dairələrin üzvləri və gənc mütəxəssislər iştirak etdilər.

Açılış mərasimində XRİTDX rəisi general-leytenant İlqar Musayev, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Saməddin Əsədov, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov, Moldova Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko, və tədbirin platin sponsorlarının nümayəndələri çıxış etdilər.

Festival çərçivəsində yerli və xarici ekspertlər tərəfindən 10 təqdimat, 5 panel müzakirəsi və Azərbaycanda ilk Kiberməktəbin “Hack The Future 2” proqramı üzrə 6 ödənişsiz təlim keçirldi.

Tədbirin keçirildiyi Bakı Konqres Mərkəzində müasir texnoloji avadanlıqlarla təchiz olunmuş geniş sərgi zonaları və 3500 nəfərlik tutumu olan zallar ilə festival iştirakçılarına rahat və innovativ mühit yaradılmışdır. Burada təşkil olunan kibertəhlükəsizlik sərgisində 41 yerli və xarici şirkət informasiya təhlükəsizliyi, risklərin idarə olunması və şəbəkə qorunması sahələrində ən son texnologiyaları təqdim etdilər.

Sərgi çərçivəsində ziyarətçilər üçün interaktiv ekranlarda aralıq yarışlar və viktorina sessiyaları da keçirildi.

Tədbirin əsas hissəsini təşkil edən virtual kibermüharibə yarışı bu dəfə “Ağıllı şəhərlərdə kibermüharibə” konsepti əsasında həyata keçirildi. Yarışda dövlət qurumlarını, kritik infrastrukturları, bank və telekommunikasiya sektorlarını təmsil edən 20 yerli və 5 xarici komanda iştirak etdi. Tədbirin sonunda “Ağıllı şəhərlərdə Kibermüharibə” yarışının qaliblərinə sertifikatlar və pul mükafatları təqdim edilmişdir. Birinci yer “AzInTelecom" MMC-nin – “RedBox” komandası, ikinci yer “Azercell” şirkətinin “Cybercell” komandası və üçüncü yer “Kapital Bank" ASC-nin – “Bir Sec” komandası tutdu.

Bununla yanaşı masterklas kurslarında təlim almış dinləyicilərə, tədbirin sponsorlarına və tərəfdaşlarına təşkilatçılar tərəfindən sertifikatlar verildi. Həmçinin Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Aynur Quliyeva və sektorun əməkdaşı Lalə Babayevaya “CİDC-2025” tədbiri çərçivəsində keçirilən “Hack the future 2” proqramı üzrə “Digital Forensics and İncident Responce” masterclass təlimində iştirak etdikləri üçün sertifikatlar təqdim edildi.

“CIDC-2025” ölkəmizin kibertəhlükəsizlik sahəsində regional lider mövqeyini möhkəmləndirmək, gənc mütəxəssislərin bacarıqlarını inkişaf etdirmək və dövlət–özəl əməkdaşlığını dərinləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Festival çərçivəsində qurulan əlaqələr və təqdim olunan yeni texnoloji həllər Azərbaycanın rəqəmsal təhlükəsizlik ekosisteminin inkişafına güclü təkan verəcəkdir.

https://scis.gov.az/az/news/view/313/cidc-2025-kiberfestivali-basa-catdi

https://azertag.az/xeber/cidc_2025_tedbirinin_resmileri_kibertehlukesizlik_sergisi_ile_tanis_olublar_video-3797679

https://www.azerbaijan-news.az/az/posts/detail/bakida-critical-infrastructure-defence-challenge-2025-adli-kibertehlukesizlik-tedbiri-kecirilirnbspnbsp-1759999187/371793

https://apa.az/ikt/bakida-critical-infrastructure-defence-challenge-2025-tedbiri-kecirilir-foto-920574

Keçidlər