Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Şəhid Əhmədov İlqar Adil oğlunun barelyefinin açılışı oldu

31 yanvar 2023 | 08:18

26 yanvar 2023-cü il tarixində şəhid Əhmədov İlqar Adil oğlunun yaşadığı evin qarşısında barelyefinin açılışı oldu.

Mərasimdə şəhidimizin xatirəsi ehtiramla yad olundu, barelyefin qarşısına əklil qoyuldu, gül dəstələri düzüldü.

Mərasimdə şəhidin ailə üzvləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zaur Qafarov, M.Ə.Rəsulzadə Qəsəbə Bələdiyyəsinin sədri Hümmət Hüseynov, 100 № tam orta məktəbin müəllim və şagird kollektivi və rayon ictimaiyyəti  iştirak etdilər.

Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov,  M.Ə.Rəsulzadə Qəsəbə Bələdiyyəsinin sədri Hümmət Hüseynov çıxışlarında vətən yolunda şəhid olmuş hər bir igidimizin xatirəsinin daim əziz tutulmasının önəmindən, şəhidlərimizin hər bir zaman bizim fəxr yerimiz, qürür mənbəyimiz olmasından söhbət açaraq, torpaqlarımızın ərazi bütövlüyü yolunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyərək qəhrəman əsgər və zabitlərimizlə bütün xalqımızın qürur duyduğunu qeyd etdilər. Çıxış edənlər bildirdilər ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində qəhrəman əsgərlərimiz şanlı tarix yazdılar, bayrağımızı zirvələrdə dalğalandırdılar.

Şəhidimiz ilə bağlı xatirələrini bölüşən valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər