Şəhid polkovnik-leytenant Anar Mehman oğlu Şükürovun və şəhid baş leytenant Cəmil Nəcəf oğlu Nəcəfovun şəhadətlərinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi
Hər kəs “Vətənimi sevirəm” deyər, çoxu sevər də. Amma hər kəs Vətəni canından çox, uğrunda öləcək qədər sevə bilirmi?! Torpaq uğrunda, yurd yolunda canından keçən insanların ən yüksək məqamıdır Şəhidlik. Vətənin azadlığını canı ilə qazanıb qanı ilə yazmaqdır Şəhidlik. Ruhunda ölümdən güclü, həyatdan şirin bir sevgi daşımaqdır. O sevgi güc-qüvvət, cəsarət verər. O sevgi sevgilərin ən güclüsü, bitməyən eşqdir. Bu, Vətən eşqidir...
16 oktyabr 2022-ci il tarixində şəhid polkovnik-leytenant Anar Mehman oğlu Şükürovun II Fəxri Xiyabanda və şəhid baş leytenant Cəmil Nəcəf oğlu Nəcəfovun Binəqədi qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı Kompleksində şəhadətlərinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi.
Anım mərasimində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının, Rayon Gənclər və İdman İdarəsinin, bələdiyyə rəhbərləri, 83 nömrəli məktəb-liseyin pedaqoji kollektivi, məktəblilər və rayon ictimaiyyəti iştirak etdilər.
Mərasimdə Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Vətən müharibəsində qəhrəmancasına döyüşərək, Azərbaycan bayrağını işğaldan azad olunan torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edərək qeyd etdi ki, 44 günlük Vətən müharibəsində güclü xalq, güclü dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsi qələbəni şərtləndirən əsas amildir. Əsgərləri üçün öz sinələrini sipər edib ən yüksək ali məqama yüksələn oğullarımızın bizim qürur mənbəyimiz olduğu, onların bu qəhrəmanlıqlarının əbədi olaraq xalqımızın qəlbində yaşayacağı, gələcək nəsillərə bir örnək olacağı və xalqımızın bu oğullarımız ilə fəxr etdiyi bir daha vurğulandı.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Ali Baş Komandan cənab İlham Əliyevin müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı rəşadət və şücaət göstərərək düşmənin 30 ildən artıq davam edən hərbi təcavüzünə son qoymaqla Vətən və xalq qarşısında olan şərəfli vəzifəsini layiqincə yerinə yetirdiyindən bəhs etdi.
Şəhid Anar Şükürovun oğlu Ümid Şükürlü atasının igidliyinə görə qürur duyduğunu və xalqımızın hər zaman şəhidlərimizin qəhrəmanlığını ehtiramla xatırlayacağını qeyd etdi.
Daha sonra çıxış edən H.Hüseynov adına 83 nömrəli məktəb-liseyin direktoru Almaz Bayramova şəhid Cəmil Nəcəfovla bağlı xatirələrini bölüşərək kədərli olduqları qədər, qürur duyduğunu bildirdi və onun Vətən Müharibəsində iştirakından, göstərdiyi şücaətdən söz açdı. Sonda şəhidin ailəsinə başsağlığı verərək, torpaqlarımızın azadlığı uğrunda canından keçən igidlərimizin xatirəsinin gələcək nəsillərə nümunə olduğunu bildirdi.
Şəhidimiz ilə bağlı xatirələrini bölüşən valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
Daha sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!