Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Tacir Mehdi oğlu Əhmədovun şəhadətinin ikinci ildönümü ilə əlaqədar anım mərasimi qeyd edildi

16 dekabr 2022 | 12:52

Hər insan şəhid və qəhrəman ola bilməz! Vətəni, torpağı, milləti və dövləti canından, ailəsindən artıq sevənlərdir Şəhidlər! Şəhidlər cəsarətin, hünərin, qorxmazlığın, şərəfin, namusun, qeyrətin, fədakarlığın simvollarıdır. Onlar bizim, millətimizin, dövlətimizin qüruru, iftixarıdır.

11 dekabr 2022-ci il tarixində Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında Tacir Mehdi oğlu Əhmədovun şəhadətinin ikinci ildönümü ilə əlaqədar anım mərasimi qeyd edildi.

Anım mərasimində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının, icra nümayəndəliyinin rəhbərləri və rayon ictimaiyyəti iştirak etdilər.

Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və  yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev qeyd etdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun bu qələbəsi Azərbaycanın dünyada güclü dövlət olduğunu bir daha təsdiqlədi. Şəhidlərimiz müqəddəsdir. Onlar öz həyatlarını Vətəni, torpağı, milləti, dövləti üçün heç düşünmədən fəda edənlər və doğma Azərbaycanımıza ən yüksək səviyyədə xidmət göstərənlərdir. Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş oğullarımızın adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim üçün unudulmazdır.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında  şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin hər zaman uca tutulduğunu və ehtiramla yad edildiyini, Prezident-Ordu-Xalq birliyinin, həmrəyliyinin nəticəsi olaraq torpaqlarımızın düşməndən azad edildiyini, haqq-ədalətin bərpa olunduğunu, Şanlı Zəfər gününün tariximizə şəhidlərimizin qanı ilə yazıldığını, üçrəngli bayrağımızın  işğaldan azad edilmiş torpaqlarımızda əzəmətlə dalğalandığı vurğuladı.

Anım tədbirində xatirələrini bölüşən şəhidin valideynləri övladlarının qəhrəmanlığından qürur duyduqlarını, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda edən Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər