Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Toğrul Hacıyevin doğum günündə xatirəsi anıldı

17 fevral 2023 | 15:22

Vətənin azadlığı, istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, ölümləri ilə ölümsüzlüyə qovuşur. Vətənə böyük sevgiləri olan belə qəhrəmanların ömür yolu gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır.

17 fevral 2023 tarixində şəhid Toğrul Hacıyevin Binəqədi rayonu, Biləcəri qəsəbəsi Şəhidlər Xiyabanında məzarı ziyarət edilərək doğum günündə xatirəsi anıldı.

Anım mərasimində şəhidin ailəsi, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, RİH başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namil Məmmədov, Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Teyyub Abdullayev, Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova və Biləcəri bələdiyyəsinin sədri Etibar Cabbarov iştirak etdilər.

Toğrul Rüfət oğlu Hacıyev 1997-ci il 17 fevral tarixində Füzuli rayonunda dünyaya göz açmışdır. 2003- cü ildə Zəngilan rayon 18 saylı məktəbdə birinci sinifə qəbul olmuşdur. 2005-ci ildən musiqi təhsili almağa başlamış və musiqi təhsilini L.M.Rastropoviçlər adına 21 saylı musiqi məktəbində davam etdirmişdir. 2009- cu ildə Binəqədi rayon Sulutəpə qəsəbəsi 313 saylı tam orta məktəbdə təhsil almağa başlamış və məktəbin bütün tədbirlərində fəal iştirak etmiş və musiqi yarışlarında laureat adını qazanmış, həmçinin bir sıra fəxri fərman və diplomlarla təltif edilmişdir. Toğrul 2013- cü ildə Türkiyə Respublikasında keçirilən festivalda iştirak etmiş və ölkəmizi layiqincə təmsil etmişdir. 2014- cü ildə 313 saylı məktəbdən məzun olmuş və həmin ili 400 balla Azərbaycan Milli Konservatoriyasının "Xalq çalğı alətləri" fakültəsinin tar şöbəsinə qəbul olmuşdur. Toğrul 2018- ci ildə isə ixtisasını magistr pilləsində davam etdirmiş və həmin ili Füzuli rayon 3 nömrəli məktəbdə tar müəllimi kimi fəaliyyət göstərmişdir. Universitetdə oxuduğu illərdə bir sıra uğurlu solo konsertlərlə cıxış etmiş və burada da fəxri fərmanlarla təltif edilmişdir. 2020- ci ildə ali təhsilini bitirən Toğrul həmin ilin aprel ayında hərbi xidmətə yollanmış və Qusar rayonunda xidmət etdirmişdir. Müharibə başlayan gündən -27 sentyabr 2020-ci il tarixindən onlar döyüş bölgəsində- ön cəbhədə Vətənə xidmət etmişdir. Toğrul ön cəbhədə olduğu müddətdə çox cəsarətlə və qəhrəmancasına döyüşmüş və döyüş yoldaşları arasında “Canavar” ləqəbi ilə tanınmışdır. Müharibənin 13- cü günü 8 oktyabr 2020-ci il tarixində o, Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək Şəhidlik zirvəsinə ucalmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid Toğrul Rüfət oğlu Hacıyev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Şəhid Toğrul Hacıyevin atası Rüfət Hacıyev də birinci Qarabağ müharibəsində iştirak etmiş qazidir.

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

Allah rəhmət eləsin!

Keçidlər