Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Vadim Qocayevin övladının dünyaya gəlməsi münasibətilə həyat yoldaşı və körpəsi ziyarət edildi

26 noyabr 2022 | 15:13

2022-ci il sentyabr 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar zamanı şəhid olan Vadim Qocayevin övladının dünyaya gəlməsi münasibətilə 26 noyabr 2022-ci il tarixində Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Mətanət Nəsibova şəhidin həyat yoldaşını və körpəsini ziyarət etdilər.

RİH başçısının müavini Sevinc Süleymanova şəhidimizin övladının dünyaya gəlməsi münasibətilə ailə üzvlərini rayon rəhbərliyi adından təbrik edərək, şəhid ailələrinin və qazilərin qayğılarının dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olduğunu vurğuladı.

Şəhid Vadim Qocayevin anası və xanımı onlara göstərilən xüsusi diqqət və qayğıya görə ölkə rəhbərliyinə ailələri adından öz təşəkkürlərini bildirdilər və  dünyaya yeni göz açan oğul övladına atasının arzusuna əsasən Zeyd adı qoyulduğunu söylədilər. Ana və uşaq hazırda özlərini yaxşı hiss edirlər. Bundan başqa ailənin bir qız övladı da var.

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin imzaladığı Sərəncamla gizir Vadim Qocayev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək Vətən müharibəsi zamanı  "İgidliyə görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə, 2022-ci il sentyabr 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar zamanı  ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.

Keçidlər