Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə "Azərbaycan mənim ürəyimdir..." adlı tədbir keçirildi

18 may 2023 | 14:49

Mayın 18-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə "Azərbaycan mənim ürəyimdir..." adlı tədbir təşkil edildi.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini Leyla Məmmədova açılış nitqi ilə çıxış etdi. Qeyd olundu ki, öz taleyini Azərbaycanın dövlətçilik və tərəqqi salnaməsinə çevirmiş Ulu Öndər Heydər Əliyevin ömrü bütövlükdə Azərbaycan dövlətinin inkişaf tarixinin parlaq bir hissəsidir. Bu baxımdan Ulu Öndərin zəngin, çoxşaxəli irsinin tarixi və müasir geosiyasi reallıqlar müstəvisində öyrənilməsində, yeni nəslə ötürülməsində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi, Azərbaycanda və xaricdə çoxsaylı tədbirlərin keçirilməsi mühüm əhəmiyyət daşıyır.

Bildirildi ki, Ümummilli Liderin xatirəsinə ehtiram əlaməti olaraq Prezidentin İşlər İdarəsi də silsilə xarakterli tədbirlər keçirir, ölkəmizin inkişafında misilsiz xidmətlər göstərmiş bu dahi şəxsiyyəti dərin rəğbət və minnətdarlıq hissi ilə yad edir.

Ulu Öndərin xalqına, onun qədim tarixinə və mədəniyyətinə arxalanaraq, bütün müdrikliyini, enerjisini, iradəsini doğma respublikasının tərəqqisinə yönəldərək, ürəyində və ruhunda Azərbaycanla qovuşaraq, ölkəmizi yüksəklərə qaldırdığını vurğulayan Leyla Məmmədova qeyd etdi ki, Heydər Əliyevin xalqın Ümummilli Lideri kimi böyüklüyü həm də onun irəli sürdüyü ideyaların gələcəkdə də davamını görməsində və bunun üçün strateji hazırlıqlar aparmasında olub. Heydər Əliyevin müəyyənləşdirdiyi milli dövlətçilik kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi bu siyasətin böyük uğurudur. Dövlətimizin başçısı öz qətiyyəti, strateji baxışı, yüksək liderlik keyfiyyətləri ilə ölkəmizin davamlı inkişafının, ərazi bütövlüyünün və regionda yeni geosiyasi reallıqların memarı olmaqla Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə yüksəldib.

Leyla Məmmədova çıxışının sonunda bildirdi ki, müasir ölkə tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş dahi şəxsiyyət Heydər Əliyevin əmanəti olan müstəqil Azərbaycanı və onun dövlətçilik salnaməsində yaratdığı bu irsi qoruyub saxlamaq hər birimizin şərəfli vəzifəsidir.

Sonra İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova "1969-1982 - Azərbaycanın inkişaf tarixinin parlaq səhifələri" adlı məruzə ilə çıxış etdi. O bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev iki fərqli ictimai-siyasi quruluşda Azərbaycana rəhbərlik etmiş, hər iki dövrdə ölkənin ən ağır vəziyyətində, ən taleyüklü məqamlarda hakimiyyətə gəlmiş, bütün gücünü, fitri istedadını, müdrikliyini Vətənimizin mənafeyinə, nüfuz və qüdrətinin artmasına, milli birliyin bərqərar olunmasına yönəldib. E.Ələkbərova qeyd etdi ki, dahi siyasi xadimin 1969-1982-ci illərdə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparılıb, sənayenin bütün sahələrində inkişafa nail olunub, yeni sənaye sahələri yaradılıb, mütərəqqi texnologiyaların istehsalata tətbiqi əsasında Azərbaycan sənayesi SSRİ-de qabaqcıl mövqeyə yiyələnib.

Sovetlərin tərkibində olduğu zaman belə müstəqil siyasət yürütməyə qadir olan Heydər Əliyevin ölkəyə rəhbərliyinin elə ilk illərindən Azərbaycanın xarici ölkə rəsmilərinin və kütləvi informasiya vasitələrinin diqqətini cəlb etdiyini vurğulayan E.Ələkbərova bildirdi ki, həmin dövrdə xüsusilə Türkiyə mətbuatı Azərbaycana və Heydər Əliyevin şəxsiyyətinə geniş yer ayırıb, xüsusi hörmət və ehtiramını ifadə edib.

Diqqətə çatdırıldı ki, Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətini əks etdirən sənədlərin araşdırılması, təhlili və gələcək nəsillərə ötürülməsi böyük siyasi və mənəvi əhəmiyyət təşkil edir İctimai-Siyasi Sənədlər Arxivi tərəfindən Arxivdə mühafizə olunan, 1969-1982-ci illəri əhatə edən qiymətli sənədlərdən ibarət zəngin mirası gənc nəslə ötürmək üçün həmin sənədlər incələnib, 2017-2023-cü illərdə o dövrdə görülən işlərin müəyyən hissəsini əks etdirən sənədlərdən ibarət 10 cildlik toplu və bu topluya göstərici hazırlanaraq nəşr olunub. “Belə bir məsuliyyətli vəzifəni yerinə yetirə bildiyimiz üçün biz qürur duyuruq və hər bir sənədi incələdikcə, bu günün prizmasından baxaraq, Ulu Öndərin dərin zəkasına, siyasi uzaqgörənliyinə bir daha heyran qalırıq, - deyə o əlavə etdi.

Yubiley tədbirində, həmçinin Milli Məclis sədr müavini, tarix elmləri doktoru, professor Fəzail İbrahimli "Heydər Əliyev və türk dünyası", parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova "Azərbaycanda dövlət qadın siyasəti" mövzusunda məruzələrlə çıxış etdilər.

Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov isə çıxışında Ulu Öndərin ölkəmizin çətin zamanlarında Azərbaycanın xilaskarı olduğunu və ölkəmizin inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən, bu dahi şəxsiyyətin tariximizdəki əvəzsiz rolundan geniş söhbət açdı.

Sonra İctimai-siyasi Sənədlər Arxivində mühafizə olunan 1969-1982-ci illərə aid qiymətli sənədlər əsasında hazırlanan və Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən "Quruculuq salnaməsi. Başlanğıc..." adlı sənədli xronika nümayiş olundu.

Tədbir çərçivəsində İctimai-Siyasi Sənədlər Arxivində mühafizə olunan qiymətli sənədlərdən və 2017-2023-cü illərdə Arxiv tərəfindən nəşr olunan kitablardan ibarət sərgi nümayiş etdirildi.

Bələdçilər tərəfindən tədbir iştirakçılarına sərgidə nümayiş olunan hər bir stend üzrə geniş məlumat verildi.

Keçidlər