Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Abbasov Vahid Sahib oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi

24 oktyabr 2023 | 12:53

Soyad: Abbasov
Ad: Vahid
Ata adı: Sahib
Doğum tarixi: 11.11.1994
Şəhid olub: 21.10.2020
Rütbə: Əsgər
Təltifləri:

 

Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Vahid Abbasovdur. O, 1994-cü ilin noyabrın 10-da Şəki şəhərində dünyaya göz açıb. Bakı şəhərinin Binəqədi rayonunda yaşayan Vahid 2011-ci ildə 47 saylı orta məktəbi bitirərək, hərbi xidmətə yollanıb. 2015-2017-ci illərdə Murovdağda xidmət edib.

Vahid hərbi xidmətdə olan zaman 2 erməni kəşfiyyatçısını ələ keçirərək, hərbi hissənin rəhbərliyinə təhvil verib və bu şücaəti xüsusi təşəkkürnamə ilə qiymətləndirilib.

O, 2016-ci il Aprel döyüşlərində də vuruşub. Vətən Müharibəsi başlayanda könüllü olaraq orduya qayıdır, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edir. Döyüş zamanı çoxlu erməni canlı qüvvəsini və texnikasını məhv edən Vahid yaralı yoldaşlarını da unutmur. O, yaralı döyüşçüləri çiynində daşıyaraq, döyüş meydanından çıxarır və ilkin tibbi yardım göstərir.

21 oktyabrda Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

24 oktyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi Abbasov Vahid Sahib oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi.

Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Nicat Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə b əməkdaşları iştirak etdilər.

Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Şanlı Zəfərdən və şəhid Sahib Abbasovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs etdi.

Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər