Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Ağayev Həmdəm Mayıl oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi

30 oktyabr 2023 | 14:31

Soyad: Ağayev
Ad: Həmdəm
Ata adı: Mayıl
Doğum tarixi: 09.09.1975
Şəhid olub: 09.10.2020
Rütbə: Polkovnik-leytenant
Təltifləri:

Ağayev Həmdəm Mayıl oğlu 1975-ci il sentyabrın 9-da Ağdam rayonunun Sırxavənd kəndində anadan olub. Ailəli idi. Bir oğul və bir qız atası idi.

Həmdəm Ağayev 1993-1994-cü illərdə - hələ 18 yaşında olarkən könüllü olaraq Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1994-cü ilin mayında müharibənin bitməsindən sonra Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Həmdəm Ağayev, 1999-cu ildə ali hərbi təhsilini bitirdi və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı.

Həmdəm Ağayev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissəsində leytenant hərbi rütbəsində xidmətə başladı. O, 2003-cü ildə baş leytenant, 2004-cü ildə kapitan, 2006-cı ildə mayor, 2012-ci ildə isə polkovnik-leytenant hərbi rütbəsi aldı. Həmdəm Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2010-cu il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. 2010-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda xidmət edən Həmdəm Ağayev, 2017-2018-ci illərdə Qusar şəhərində yerləşən "N" saylı hərbi hissənin komandir müavini - qərargah rəisi vəzifəsində xidmət eləyib. Həmdəm Ağayev 2018-ci ildən 4-cü Ordu Korpusunun qərargah rəisi vəzifəsində xidmət edirdi.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Həmdəm Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərin fəal iştirakçısı olub.

Həmdəm Ağayev oktyabrın 9-da Füzulinin azad edilməsi uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb. II Şəhidlər Xiyabanında dəfn olunub.

Xidməti müddətində Ağayev Həmdəm "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı, "İgidliyə görə" medalı, Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı,"Hərbi xidmətlərə görə" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medal," Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı, həmçinin, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatları və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni""Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Binəqədi rayonunda şəhidimizin adına küçə verilmişdir.

30 oktyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi Ağayev Həmdəm Mayıl oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi.

Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri, Qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Bələdiyyələrin əməkdaşları iştirak etdilər.

Mərasimlərdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev qeyd etdi ki, şəhidlər hər bir zaman bizim fəxr yerimiz, qürur mənbəyimiz olmuş və belə də olacaqdır. 44 gün davam edən Vətən müharibəsi Ermənistanın kapitulyasiyası, təxminən, otuz il davam edən işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Elxan Allahverdiyev Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadətindən, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların şərəfli ömür və döyüş yolundan danışdı. Bildirdi ki, döyüş meydanında Həmdəm kimi, vətənpərvər qəhrəman oğullarımızın göstərdiyi şücaət xalqımızın Zəfər tarixinə qızıl hərflərlə yazılıb.

Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər