Vətən müharibəsi şəhidi, baş leytenant Elçin Əvəz oğlu Əzizovun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi
Vətən müharibəsində minlərlə Azərbaycan övladının qəlbindəki Vətən eşqi həyat eşqindən üstün olub, güclü olub. Yüzlərlə oğullarımız Vətən, torpaq uğrunda qəhrəmanlıqla vuruşaraq Azərbaycanın yeni hərb tarixini, döyüş salnaməsini yaradıb. 44 günlük müharibədə ölümün gözünə dik baxan, düşmən tapdağındakı torpaqlarımızı qanları ilə yuyan, şəhidlik məqamında əbədi həyat qazanan yüzlərlə Azərbaycan əsgərinin, zabitinin təkcə cismən deyil, mənən və ruhən torpağa bağlı Vətən sevdalısı olduğunu hüzn və fəxrlə qeyd edirik.
15 oktyabr 2022-ci il tarixində II Fəxri Xiyabanda Vətən müharibəsi şəhidi baş leytenant Elçin Əvəz oğlu Əzizovun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi.
Anım mərasimində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkili Səbinə Xasayeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəhbərləri və rayon ictimaiyyəti iştirak etdilər.
Mərasimdə Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin ruhuna dualar oxundu, məzarları üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev şəhid ailələri və qazilərin daim dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətində olduğunu, şəhidlərin öz həyatlarını Vətən uğrunda qurban verərək hər birimiz üçün milli dəyərə çevrildiyini qeyd etdərək bildirdi ki, bu gün qəhrəmanlarımızın ruhları şaddır, çünki onların canlarını qurban verdikləri Vətən torpağının üzərində üçrəngli Şanlı bayrağımız dalğalanır.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında şəhidlərimizin ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunmasındakı müstəsna xidmətlərindən danışaraq, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan söz açdı.
Şəhidin övladı - Yusif Əzizov atasını itirsə də bu gün onunla fəxr etdiyini, qürur hissi keçirdiyini söylədi. Balaca Yusif atasının adını bundan sonra da layiqincə yaşadacağını və Vətən yolunda canından keçən hər bir şəhidimizin xatirəsinin onun üçün əziz olduğunu vurğuladı.
Şəhidin anası övlad itkisinin nə qədər ağır olduğunu bildirsə də, övladının belə şərəfli yolda, Vətən uğrunda qəhrəmancasına şəhid olmasından fəxr duyduqlarını diqqətə çatdırdılar və onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
Azərbaycan xalqı igid oğullarını heç bir zaman unutmur, onların xatirəsini həmişə yad edir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!