Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Baxışova Arəstə Kərim qızının şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi

23 oktyabr 2023 | 15:34

Soyad: Baxışova
Ad: Arəstə
Ata adı: Kərim
Doğum tarixi: 04.05.1989
Şəhid olub: 23.10.2020
Rütbə: QHQ kiçik çavuş
Təltifləri:

 

Arəstə Kərim qızı Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub. Atası - baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olanda vəfat edib.

Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə oxuyub. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində İngilis dili üzrə təhsil alıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edirdi.

Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ölümündən sonra "Vətən uğrunda" medalı və 2021-ci il mayın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan "Florence Nightingale" medalı ilə təltif edilib.

Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qalıb.

 

23 oktyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi Baxışova Arəstə Kərim qızının şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi.

Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Bələdiyyələrin əməkdaşları iştirak etdilər.

Mərasimlərdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev vurğuladı ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti ilə Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu Qarabağda yeni bir tarix yazdı. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qanı-canı bahasına azad edildi. Onların əziz xatirəsi həmişə ehtiramla yad edilir.

Şəhidimizin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər