Vətən müharibəsi şəhidi Bayramov Elvin İslam oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi
Soyad: Bayramov
Ad: Elvin
Ata adı: İslam
Doğum tarixi: 08.07.1999
Şəhid olub: 26.10.2020
Rütbə: Əsgər
Təltifləri:
Bayramov Elvin İslam oğlu 1999-cu il iyulun 8-də Bakı şəhərində anadan olub. İki bacının yeganə qardaşı olan E.Bayramov 2005-ci ildə 298 saylı məktəbdə birinci sinfə başlayır. 2016-ci ildə məktəbi bitirərək Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Almaniya üzrə regionşünaslıq ixtisasına daxil olub. O, 2020-ci ildə ali təhsilini bitirib həqiqi hərbi xidmətə yola düşüb.
2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan torpaqlarının düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Füzuli istiqamətində igidlik və fədakarlıq göstərən E.Bayramov oktyabrın 26-da qəhrəmancasına döyüşərək, şəhid olub.
Müharibənin şiddətli vaxtında Elvin Bayramov ailəsilə telefonla danışan zaman sona qədər vuruşacağını bildirib. "Mən kişiyəm, sonacan vuruşacağam, ölmək varsa, mən də ölərəm", - sonuncu dəfə danışarkən ailəsinə bu sözləri deyib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Dövlətli İsgəndər ölümündən sonra "Vətən Uğrunda", “Cəsur döyüşçü” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
07 noyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi Bayramov Elvin İslam oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi.
Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri, Qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Bələdiyyələrin əməkdaşları iştirak etdilər.
Mərasimlərdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev 44 günlük Vətən müharibəsində güclü xalq, güclü dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsinin Qələbəni şərtləndirən əsas amil olduğunu qeyd etdi.
Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!