Vətən müharibəsi şəhidi Cavadov Ələsgər Elxan oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi
Soyad: Cavadov
Ad: Ələsgər
Ata adı: Elxan
Doğum tarixi: 29.12.2000
Şəhid olub: 09.11.2020
Rütbə: Əsgər
Təltifləri:
"Mən Şəhid olacam!" deyib Ana vətənin müdafiəsinə gedən, işğalda olan torpaqları azad etmək üçün canından keçməyi bacaran Vətən müharibəsinin qəhrəmanlarından biri Cavadov Ələsgər Elxan oğlu.... Onun vətən sevdası hələ uşaqlıqdan bəlli idi. Valideynləri Ələsgərin əsl vətənpərvər oğul olduğunu bilirdilər, amma 44 günlük müharibənin başlaması bu sevginin sübutu oldu. Dedi və dediyi kimi də etdi!
Ələsgər Cavadov 29 dekabr 2000-ci ildə anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Ələsgər Cavadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Kəlbəcər, Cəbrayıl, Füzuli və Şuşa rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.
09.11.2020-ci ildə Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından həlak olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ələsgər Cavadov ölümündən sonra “Cəsur döyüşçü”, "Vətən müharibəsi iştirakçısı", “Kəlbəcərin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.
14 noyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi Cavadov Ələsgər Elxan oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edilmişdir.
Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri, Qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Bələdiyyələrin əməkdaşları iştirak edirdilər.
Mərasimlərdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev qeyd etdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Bu möhtəşəm Qələbə sevincini bizə yaşadan rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgər heyətinə, qazilərimizə minnətdarıq.
Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!