Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Dövlətli İsgəndər Vüqar oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi

31 oktyabr 2023 | 09:18

Soyad: Dövlətli
Ad: İsgəndər
Ata adı: Vüqar
Doğum tarixi: 24.09.1992
Şəhid olub: 09.10.2020
Rütbə: Gizir
Təltifləri:

 

Dövlətli İsgəndər Vüqar oğlu 1992-ci ildə dağlar diyarı Lerik rayonunun Soru kəndində anadan olmuşdu. Uşaqlıq illəri qartallı qayalar qoynunda keçsə də, 1997-ci ildə ailə Bakı şəhərinə köçür. İsfəndiyar orta məktəbi başa vurub Rabitə və Nəqliyyat Kollecinə daxil olur. Kolleci bitirdikdən sonra o, Lerik rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Daxili Qoşunların Quba şəhərinin "N" saylı hərbi hissəsində müqəddəs əsgəri borcunu layiqincə yerinə yetirib evinə qayıdır. Qaldı ki, Qarabağın düşmən tərəfindən zəbtini heç cür qeyrətinə sığışdıra bilmir. Vətən torpağını qorumaq, vaxtı gələndə mübarizliklə dığalara qalib gəlmək məqsədilə 2016-cı ildə hərbiyə qayıdır və kəşfiyyatçı gizir rütbəsində xidmətini davam etdirir. 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsində fəal iştirak edərək vətəninə, el-obasına sevgisini bir daha göstərir. Kəşfiyyatçı gizir oktyabrın 9-da Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhidlik məqamına yüksəlir. Beləcə, bir igid də adını Vətən tarixinin şanlı səhifəsinə yazır. Şəhid oktyabrın 30-da yaşadığı Binəqədi rayonu Sulutəpə qəsəbəsində canından çox sevdiyi Vətən torpağına tapşırılır.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Dövlətli İsgəndər ölümündən sonra "Vətən Uğrunda""Xocavəndin azad olunmasına görə""Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

30 oktyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi Dövlətli İsgəndər Vüqar oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi.

Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və bələdiyyələrin əməkdaşları iştirak etdilər.

Mərasimlərdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadətindən, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların şərəfli ömür və döyüş yolundan danışdı. Bildirdi ki, döyüş meydanında əsgər və zabitlərimizin göstərdiyi şücaət xalqımızın zəfər tarixinə qızıl hərflərlə yazılıb. Şəhidlərin döyüş yolu və vətənpərvərliyi gələcək nəsillər üçün nümunədir.

Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

 

Keçidlər