Vətən müharibəsi şəhidi Əhmədov Tacir Mehdi oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi
Soyad: Əhmədov
Ad: Tacir
Ata adı: Mehdi
Doğum tarixi: 20.04.2001
Şəhid olub: 20.10.2020
Rütbə: MAHHXHQ əsgər
Təltifləri:
Tacir Mehdi oğlu Əhmədov 20.04.2001 tarixində Kürdəmir rayonu Qarabucaq kəndində dünyaya göz açmışdı. 4 yaşına qədər bu kənddə yaşamış, daha sonra ailəsi ilə birgə Binəqədi rayonuna köçmüşdülər. Orta təhsilini Binəqədi rayonu 182 nömrəli məktəbdə başa vurmuşdu. Azərbaycan Ordusunun əsgəri olan Tacir Əhmədov 2020-ci il sentyabrın 27-də düşmən tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş əks-hücum əməliyyatları və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Tacir Əhmədov oktyabrın 20-də Xocavənd döyüşləri zamanı şəhid olub. Binəqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən “Vətən Müharibəsi Şəhidlərinin Xiyaban Kompleksi”ndə böyük xalq izdihamı ilə dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tacir Əhmədov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
11 dekabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi Əhmədov Tacir Mehdi oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi.
Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin əməkdaşları, RİH başçısı Aparatının şöbə müdirləri, Qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Bələdiyyələrin əməkdaşları iştirak etdilər.
Mərasimlərdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev qeyd etdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Bu möhtəşəm Qələbə sevincini bizə yaşadan rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgər heyətinə, qazilərimizə minnətdarıq.
Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!