Vətən müharibəsi şəhidi əsgər Elnur Nəcəf oğlu Mustafayevin şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Mən bir daha şəhidlərimizin əziz xatirəsini yad edərək deməliyəm ki, Siz - onların yaxınları onlarla fəxr edirsiniz. Haqlı olaraq fəxr edirsiniz. Bütün Azərbaycan xalqı şəhidlərimizlə, hərbçilərimizlə fəxr edir. Şəhidlərimizin əziz xatirəsi bizim ürəyimizdə əbədi yaşayacaqdır.”
31 oktyabr 2022-ci il tarixində Binəqədi rayonu Xocəsən qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi əsgər Elnur Nəcəf oğlu Mustafayevin şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi.
Anım mərasimində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının, icra nümayəndəliyinin, Gənclər və İdman İdarəsinin. bələdiyyənin rəhbərləri və rayon ictimaiyyəti iştirak etdilər.
Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev qeyd etdi ki, dövlətimiz Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərinə, bu haqq savaşımızda Şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Vətən müharibəsi başlayanda ölkədə bu haqq savaşına qoşulmaq üçün minlərlə könüllü ayağa qalxdı. Xalqın bütün nümayəndələri - ayrı-ayrı fərdlərdən tutmuş böyük müəssisələrədək - hər kəs ordumuza dəstək nümayiş etdirdi. Çünki torpaqdan pay olmaz. Çünki Vətən bölünməz! İgid oğullarımızın məğrurluğu, qətiyyəti, vətənpərvərliyi bütün gənclərimiz üçün əsl örnəkdir.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov şəhidimizin şərəfli ömür və döyüş yolundan, ərazi bötüvlüyümüz uğrunda gedən döyüşlərdə göstərdikləri şücaətdən, eləcə də Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbəmizdən danışdı.
Anım tədbirində xatirələrini bölüşən şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda edən Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!