Vətən müharibəsi şəhidi, əsgər İbrahim Abdulla oğlu İbrahimovun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi
Tarixə qızıl hərflərlə yazılan Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyən Azərbaycan xalqı Ali Baş Komandanın əmri ilə müharibə dövründə öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Vətən müharibəsində qazanılan Qələbə, milli birliyimizin Qələbəsi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin hər diplomatik uğuru, hər sosial-iqtisadi nailiyyəti, ölkəmizin güclənən mövqeyi, beynəlxalq aləmdə yüksələn nüfuzu bizi addım-addım bu Qələbəyə aparırdı. İllərlə zərrə-zərrə toplanan imkanlarımız “Dəmir yumruğ”a çevrilərək, Azərbaycan xalqına kəm baxan, torpaqlarımıza qənim kəsilən düşməni məhv etdi. Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu.
12 noyabr 2022-ci il tarixində Binəqədi qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı Kompleksində Vətən müharibəsi şəhidi, əsgər İbrahim Abdulla oğlu İbrahimovun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi.
Anım mərasimində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak etdi.
Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi, Azərbaycan tarixinə şərəfli səhifələr yazdı. Biz böyük Zəfəri qazandıq. Bu, xalqımızın həyatında insanların taleyini dəyişən, tarixini yeni bir səhifədən başlayan bir Zəfər oldu. Şəhidlərimizin əziz xatirəsi hər zaman ehtiramla anılacaq, onların qəhrəmanlıqları, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətənə bəxş etdiyi tarixi Zəfər əbədi olaraq dünya tarixinə yazılacaqdır.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında vətən yolunda şəhid olmuş hər bir igidimizin xatirəsinin daim əziz tutulmasının önəmindən danışdı. Bildirdi ki, şəhidlər hər bir zaman bizim fəxr yerimiz, qürür mənbəyimiz olmuş və belə də olacaqdır. Torpaqlarımızın ərazi bütövlüyü yolunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyərək qəhrəman əsgər və zabitlərimizlə bütün xalqımızın qürur duyduğunu qeyd etdi.
Şəhidimiz ilə bağlı xatirələrini bölüşən valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!