Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Hüseynov Rövşən Kazım oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi

24 oktyabr 2023 | 12:24

Soyad: Hüseynov
Ad: Rövşən
Ata adı: Kazım
Doğum tarixi: 21.08.1995
Şəhid olub: 23.10.2020
Rütbə: Əsgər
Təltifləri: "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda""Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları

 

Rövşən Kazım oğlu Hüseynov 21 avqust 1995-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. 2001-ci ildə Bakı şəhəri 115 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olsa da, təhsilini Bakı şəhəri 202 saylı tam orta məktəbdə davam etdirmiş və orada da bitirmişdir.

R.Hüseynov Rusiya Federasiyası Stavropol şəhərində yerləşən "Qafqaz Xalqlarının Dostluğu İnstitutu"nun "İqtisadiyyat" fakültəsində təhsil almışdı. 2017-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yollanmış, ön xətdə düşmənlə üz-üzə, "Murovdağ" istiqamətində qulluq etmişdi. Xidməti dövründə göstərdiyi şücaətə görə komandanlıq tərəfindən mükafatlandırılmışdı. 2018-ci ilin oktyabrında həqiqi hərbi xidmətdən tərxis olunmuşdu. 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsinə yollanmış və Füzuli rayonundan başlayan döyüş yolu Xocavənd və Cəbrayıl rayonlarında davam etmişdir. 23 oktyabr 2020-ci ildə Füzuli rayonunun Kürdlər kəndində gedən döyüşlər zamanı aldığı qəlpə yaralarından ən uca Zirvə - Şəhidlik zirvəsinə ucalmışdır. 25 oktyabr 2020-ci ildə Binəqədi qəsəbəsi qəbiristanlığında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən şəhid Hüseynov Rövşən Kazım oğlu ölümündən sonra "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda""Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.  Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 28 fevral 2023-cü il tarixli 36 saylı Sərəncamına əsasən Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən küçəyə şəhid Rövşən Hüseynovun adı verilmişdir.

23 oktyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi Hüseynov Rövşən Kazım oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi.

Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Nicat Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və bələdiyyələrin əməkdaşları iştirak etdilər.

Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev vurğuladı ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti ilə Azərbaycan xalqı, rəşadətli Azərbaycan Ordusu Qarabağda yeni bir tarix yazdı. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qanı-canı bahasına azad edildi. Onların əziz xatirəsi həmişə ehtiramla yad edilir.

Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər