Vətən müharibəsi şəhidi İbrahimov İbrahim Abdulla oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi
Soyad: İbrahimov
Ad: İbrahim
Ata adı: Abdulla
Doğum tarixi: 10.10.1999
Şəhid olub: 09.11.2020
Rütbə: MAHHXHQ əsgər
Təltifləri:
İbrahimov İbrahim Abdulla oğlu 10 oktyabr 1999-cu ildə Bakı şəhərində dünyaya göz açmışdı. 2018-ci ildə Şəhid R. İmanov adına 205 saylı orta məktəbdə orta təhsil başa vurduqdan sonra Sumqayıt Dövlət Universiteti nəzdində Sumqayıt Dövlət Kollecinin "Nəqliyat Daşımalarının Təşkili" ixtisasında natamam ali təhsili almışdı.
2019-cu il yanvar ayının 3-ü həqiqi hərbi xidmətə çağırıldı. İbrahim öz təhsilini dondurub hərbiyə getdi. O, Füzulidə xidmət edirdi, minaaxtaran idi. 2020-ci ilin iyun ayında xidməti bitirdi. Müddətdən artıq hərbi xidmətdə qalaraq pulemyotçu əsgər olaraq işə başladı. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərmişdi. Noyabrın 9-da Şuşa şəhəri yaxınlığında snayper gülləsinə tuş gələrək ən uca Zirvə - Şəhidlik zivəsinə ucaldı. Noyabrın 12-də Bakı şəhərində Binqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
13 noyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi İbrahimov İbrahim Abdulla oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi.
Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Nicat Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri, Qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Bələdiyyələrin əməkdaşları iştirak etdilər.
Mərasimlərdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev qeyd etdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Bu möhtəşəm Qələbə sevincini bizə yaşadan rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgər heyətinə, qazilərimizə minnətdarıq.
Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!