Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Məmmədli Murad Teymurşah oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi.

07 dekabr 2023 | 15:30

Soyad: Məmmədov
Ad: Murad
Ata adı: Teymurşah
Doğum tarixi: 27.01.1996
Şəhid olub: 21.10.2020
Rütbə: Əsgər
Təltifləri:

 

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Murad Məmmədlidir.

Məmmədli Murad Teymurşah oğlu 27.01.1996-cı ildə anadan olub. Vətən müharibəsi başlayan ilk günlərdən könüllü olaraq ön cəbhəyə yollanmışdır.

O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 40 gündən artıq çəkən axtarışların sonunda, dekabr ayının 5-də Muradın şəhadət xəbəri gəlir. Məlum olur ki, 21.10.2020-ci ildə Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda",  "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

memorial.az/az/qehremanlarimiz/1530

07 dekabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi Məmmədli Murad Teymurşah oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi.

Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Nicat Həsənov, RİH başçısı Aparatının şöbə müdirləri, Qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Bələdiyyələrin əməkdaşları iştirak etdilər.

Mərasimlərdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev qeyd etdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Bu möhtəşəm Qələbə sevincini bizə yaşadan rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgər heyətinə, qazilərimizə minnətdarıq.

Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər