Vətən müharibəsi şəhidi Mustafayev Nicat Bəkir oğlunun şəhadətlərinin üçüncü ildönümü münasibətilə anım mərasimi keçirildi
Soyad: Mustafayev
Ad: Nicat
Ata adı: Bəkir
Doğum tarixi: 08.10.2001
Şəhid olub: 06.10.2020
Rütbə: Əsgər
Təltifləri: “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə” medalları
03 oktyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi Mustafayev Nicat Bəkir oğlunun şəhadətinin üçüncü ildönümü münasibətilə anım mərasimi keçirildi. Anım mərasimində iştirak edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Milli Məclisin deputatı Azay Quliyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Nicat Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndələri, RİH başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, şəhidimizin ailə üzvləri, yaxınları ilə birlikdə Binəqədi qəsəbəsi qəbiristanlığının ərazisində yerləşən Şəhidlərinin Xiyaban Kompleksində məzarını ziyarət etdilər, şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onun ailə üzvləri və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev vurğuladı ki, müqəddəs torpaqlarımız uğrunda haqq savaşında canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Vətən müharibəsində qazanılan Şanlı Qələbəmiz bundan sonra da əsrlər boyu xalqımızın ən böyük vətənpərvərlik tarixi, Şanlı qəhrəmanlıq salnaməsi olacaqdır. Ali Baş Komandan cənab İlham Əliyevin müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı rəşadət və şücaət göstərərək düşmənin 30 ildən artıq davam edən hərbi təcavüzünə son qoymaqla Vətən və xalq qarşısında olan şərəfli vəzifəsini layiqincə yerinə yetirdi.
Daha sonra, şəhidin ehsan mərasimində iştirak etdilər.
Şəhidimizin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!