Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Paşazadə Cavid Telman oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi

30 oktyabr 2023 | 16:19

Soyad: Paşazadə
Ad: Cavid
Ata adı: Telman
Doğum tarixi: 27.08.2001
Rütbə: Əsgər
Təltifləri:

Vətən Müharibəsinin qəhrəman şəhidlərindən biri də Cavid Telman oğlu Paşazadədir. O, 2001-ci ildə Bakının Sulutəpə qəsəbəsində dünyaya göz açıb. Orta təhsilini bacıları ilə birlikdə 217 nömrəli orta məktəbdə alıb.

Ardınca orta-ixtisas təhsilinə yiyələnsə də, hərbi xidmətə yollanmağa və təhsilinə sonra davam etməyə qərar verib.

Döyüşlərə Füzuli-Cəbrayıl istiqamətində başlayan Cavid işğaldan azad olunan torpaqların müdafiəsi və mühafizəsi işində aktiv iştirak edir.

Sonuncu döyüş yeri olan Xocavənddə düşməndən azad olunan əraziləri qorumaq üçün saatlarla mübarizə aparır: “Dörd nəfər postda dörd saat yarım döyüşüblər. Qardaşım onun cənazəsini götürməyə gedəndə komandiri özü deyib. Deyib ki, dörd saatdan artıq qəhrəmancasına döyüşüb, postu təhvil verməyiblər”.

Gənc əsgər oktyabrın 29-da - bacısının doğum günündə evə gələcəyinə söz verir. Elə də olur, Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olan Cavidin nəşi söz verdiyi gün evlərinə gətirilir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Cavid Paşazadə ölümündən sonra “Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

29 oktyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi Paşazadə Cavid Telman oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi.

Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Nicat Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Bələdiyyələrin əməkdaşları iştirak etdilər.

Mərasimlərdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadətindən, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların şərəfli ömür və döyüş yolundan danışdı. Bildirdi ki, döyüş meydanında əsgər və zabitlərimizin göstərdiyi şücaət xalqımızın zəfər tarixinə qızıl hərflərlə yazılıb. Şəhidlərin döyüş yolu və vətənpərvərliyi gələcək nəsillər üçün nümunədir.

Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər