Vətən müharibəsi şəhidi Rüstəmov Vüsal Valeh oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi
Soyad: Rüstəmov
Ad: Vüsal
Ata adı: Valeh
Doğum tarixi: 12.03.1993
Şəhid olub: 10.11.2020
Rütbə: Gizir
Təltifləri:
Rüstəmov Vüsal Valeh oğlu 12 mart 1993-cü ildə Cəbrayıl rayonunun Alıkeyxalı kəndində anadan olub. Məcburi köçkün düşdükdən sonra ailəsi əvvəlcə Şirvan şəhərində, 1995-ci ildən isə Yasamal rayonunda məskunlaşıb. 2010-cu ildə Yasamal rayon 53 saylı tam orta məktəbin məzunu olmuşdur. 2011-ci ilin aprel ayından 2013-cü ilin oktyabr ayınadək həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət Binəqədi neft şirkətinin mühafizə xidmətində çalışmışdır.
Cəbrayıl rayonu işğal olunduğu zaman Vüsal 6 aylıq körpə idi. O, doğma el-obasını görməsə də, ailəsindən eşitdikləri onda vətənə çox böyük məhəbbət yaratdığından yenidən ordu sıralarına qatılmaq qərarına gəlir. 2019-cu ildə Azərbaycan Respublikasının quru qoşunlarında gizirlik kursunu bitirərək, N saylı hərbi hissənin tağım komandiri vəzifəsinə təyinat alır. Daha sonra xidmətini Goranboy, Mingəçevir rayonlarında yerləşən hərbi hissələrdə davam etdirir.
27 Sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Füzuli, Qubadlı, Zəngilan rayonlarının işğaldan azad edilməsində böyük şücaət göstərmişdir. 10 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Binəqədi rayonu Xocəsən qəsəbəsində yerləşən Sulutəpə məzarlığında dəfn olunmuşdur. Subay idi.
Şəhidin anası Aidə Haqverdiyeva oğlu ilə fəxr etdiyini deyir: “Füzuli, Cəbrayıl alınanda zəng elədi. Dedi, atama de ki, torpağını azad etmişəm. Gəlib aparacağam sizi torpağınıza, özümə də çadır toyu edəcəyəm. Oğlumla fəxr edirəm. O, 28 illik məcburi köçkün həyatımıza son qoydu. O qədər cəsarətli oğlan idi, vətənpərvər idi. Deyirdi ki, mən torpağımı görməmişəm, amma mən gedib alacağam o torpağı, şəhid olacağam, şəhidlik böyük zirvədir”.
Vüsal Rüstəmov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
11 noyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi Rüstəmov Vüsal Valeh oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi.
Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Səbinə Xasayeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Nicat Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri, Qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Bələdiyyələrin əməkdaşları iştirak etdilər.
Mərasimlərdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev 44 günlük Vətən müharibəsində güclü xalq, güclü dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsinin Qələbəni şərtləndirən əsas amil olduğunu qeyd etdi.
Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!