Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Rzaxanov Nihad Natiq oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi

06 noyabr 2023 | 14:53

Soyad: Rzaxanov
Ad: Nihad
Ata adı: Natiq
Doğum tarixi: 18.04.2001
Şəhid olub: 06.10.2020
Rütbə: əsgər
Təltifləri:

 

Nihad Natiq oğlu Rzaxanov 18 aprel 2001-ci ildə Bakı şəhəri, Biləcəri qəsəbəsində anadan olmuşdu. 2008-ci ildə Şəhid Seymur Məmmədov adına 301 saylı orta məktəbə daxil olmuş, 9 il təhsil aldıqdan sonra işləməyə başlamışdı. 2019-cu il aprel ayında həqiqi hərbi xidmətə çağırılmış və 2020 -ci il oktyabr ayında hərbi xidməti başa çatmalı olsa da, könüllü olaraq, 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak etmişdir. Cəbhənin Cəbrayıl, Füzuli, Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş və 6 noyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlmişdir. 7 noyabr 2020-ci ildə Binəqədi rayonu, Biləcəri qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən “Vətən Müharibəsi Şəhidlərinin Xiyaban Kompleksi”ndə dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Nihad Rzaxanov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

06 noyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi Rzaxanov Nihad Natiq oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi.

Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Bələdiyyələrin əməkdaşları iştirak etdilər.

Mərasimlərdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev qeyd etdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Bu möhtəşəm Qələbə sevincini bizə yaşadan  rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgər heyətinə, qazilərimizə minnətdarıq. 

Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər