Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Tural Ruslan oğlu Zeynalovun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi keçirildi

11 oktyabr 2022 | 11:44

Şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Şəhidlik Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Bu sevgi beşikdən, ana laylasından, ailədən, məktəbdən başlanır. 

11 oktyabr 2022-ci il tarixində II Fəxri Xiyabanda Vətən müharibəsi şəhidi Tural Ruslan oğlu Zeynalovun şəhadətinin ikinci ildönümü münasibətilə  anım mərasimi qeyd edildi.

Anım mərasimində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının rəhbərləri, rayon ictimaiyyəti və məktəblilər iştirak etdilər.

Mərasimdə Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və  yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev qeyd etdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun bu qələbəsi Azərbaycanın dünyada güclü dövlət olduğunu bir daha təsdiqlədi. Ölkəmizdə hər zaman cəsur oğul və qızlarımızın şücaəti yüksək qiymətləndirilib. Bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirələri  uca tutulur, adları əbədiləşdirilir. İgid oğullarımızın məğrurluğu, qətiyyəti, vətənpərvərliyi bütün  gənclərimiz üçün əsl örnəkdir.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd etdi, bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyərək qəhrəman əsgər və zabitlərimizlə bütün xalqımızın qürur duyduğunu qeyd etdi.

Şəhidimizin həyat və döyüş yolundan söhbət açan valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını  bildirdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər