Vətən müharibəsi şəhidi Zeynalov Teymur Tağı oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi
Soyad: Zeynalov
Ad: Teymur
Ata adı: Tağı
Doğum tarixi: 28.03.1993
Şəhid olub: 24.10.2020
Rütbə: Əsgər
Təltifləri:
Teymur Tağı oğlu Zeynalov 1993-cü il martın 28-də Bakı şəhərində anadan olub. 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) ali təhsil alıb. "SOCAR" AQS-də çalışırdı. Ailəli idi.
Azərbaycan Ordusunun əsgəri olan Teymur Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Zeynalov oktyabrın 24-də Füzuli döyüşləri zamanı şəhid olub. Bakı şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Teymur Zeynalov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
24 oktyabr 2023-cü il tarixində Vətən müharibəsi şəhidi Zeynalov Teymur Tağı oğlunun şəhadətinin üçüncü ildönümü ilə əlaqədar məzarı ziyarət edildi.
Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Nicat Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələr, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və bələdiyyələrin əməkdaşları iştirak etdilər.
Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev 44 günlük Vətən müharibəsində güclü xalq, güclü dövlət və məğrur Ali Baş Komandanın birgə mübarizəsinin Qələbəni şərtləndirən əsas amil olduğunu qeyd etdi.
Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!