Vətən müharibəsi şəhidləri Azərbaycan Bayrağı ordenli polkovnik-leytenant Həmdəm Mayıl oğlu Ağayev və gizir İsgəndər Vüqar oğlu Dövlətlinin şəhadətlərinin ikinci ildönümü ilə əlaqədar anım mərasimi qeyd edildi
44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı sayəsində Böyük Qələbə ilə başa çatdı. Bu Qələbədə şəhidlər xalqımıza ölçüyəgəlməz qürur, fəxr hissi yaşatdılar. Şəhidlik müqəddəsdir. Şəhidlik Vətənə sonsuz sevginin təcəssümüdür. Şəhidlik şərəf, ucalıq zirvəsidir. Bu zirvəyə çatmaq, bu məqama yüksəlmək hər insana nəsib olmur.
30 oktyabr 2022-ci il tarixində Vətən müharibəsi şəhidləri, II Fəxri Xiyabanda Azərbaycan Bayrağı ordenli polkovnik-leytenant Həmdəm Mayıl oğlu Ağayevin və Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında gizir İsgəndər Vüqar oğlu Dövlətlinin şəhadətlərinin ikinci ildönümü ilə əlaqədar anım mərasimləri qeyd edildi.
Anım mərasimlərində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, millət vəkili Səbinə Xasayeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Müdafiə Nazirliyinin zabit və əsgər heyəti, xüsusi xidmət orqanlarının, icra nümayəndəliyinin rəhbərləri, rayon ictimaiyyəti, məktəblilər iştirak etdilər.
Mərasimdə Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev qeyd etdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun bu qələbəsi Azərbaycanın dünyada güclü dövlət olduğunu bir daha təsdiqlədi. Şəhid adının müqəddəs olduğu qədər Şəhid ailəsi adının da o qədər ali və müqəddəs, Şəhidlərimizin xatirəsinin hər birimiz üçün əziz olduğunu bildirdi.
Şəhidlərimizin silahdaşları onların döyüş meydanında göstərdikləri igidlikdən, şücaətdən söhbət açdılar.
Anım tədbirində xatirələrini bölüşən şəhidlərimizinin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda edən Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!