Vətən müharibəsi şəhidləri - gizir Nicat Şahin oğlu Səmədov, əsgər Cavid Telman oğlu Paşazadə və Elçin Yunus oğlu Bağırovun şəhadətlərinin ikinci ildönümü ilə əlaqədar anım mərasimi qeyd edildi
Hər insan şəhid və qəhrəman ola bilməz! Vətəni, torpağı, milləti və dövləti canından, ailəsindən artıq sevənlərdir Şəhidlər! Şəhidlər cəsarətin, hünərin, qorxmazlığın, şərəfin, namusun, qeyrətin, fədakarlığın simvollarıdır. Onlar bizim, millətimizin, dövlətimizin qüruru, iftixarıdır.
29 oktyabr 2022-ci il tarixində Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidləri - gizir Nicat Şahin oğlu Səmədov, əsgər Cavid Telman oğlu Paşazadə və Biləcəri qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında Elçin Yunus oğlu Bağırovun şəhadətlərinin ikinci ildönümü ilə əlaqədar anım mərasimi qeyd edildi.
Anım mərasimində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkili Səbinə Xasayeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin zabit heyəti, xüsusi xidmət orqanlarının, icra nümayəndəliyinin, bələdiyyənin, rəhbərləri və rayon ictimaiyyəti iştirak etdilər.
Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev qeyd etdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun bu qələbəsi Azərbaycanın dünyada güclü dövlət olduğunu bir daha təsdiqlədi. Şəhidlərimiz müqəddəsdir. Onlar öz həyatlarını Vətəni, torpağı, milləti, dövləti üçün heç düşünmədən fəda edənlər və doğma Azərbaycanımıza ən yüksək səviyyədə xidmət göstərənlərdir. Elxan Allahverdiyev Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun bu qələbəsinin Azərbaycanın dünyada güclü dövlət olduğunu bir daha təsdiqlədiyini, Vətənin, ölkənin müdafiəsi uğrunda şücaət, qəhrəmanlıq göstərərək canından keçən oğullarımızın heç bir zaman xalq tərəfindən unudulmadığını, onların əziz xatirəsinin hər zaman ehtiramla anıldığını bildirdi. Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş oğullarımızın adının daim qəlbimizdə yaşadığını, onların xatirəsinin bizim üçün əziz və unudulmaz olduğunu vurğuladı.
Millət vəkili Səbinə Xasayeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışlarında şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin hər zaman uca tutulduğunu və ehtiramla yad edildiyini, Prezident-Ordu-Xalq vəhdətinin, birliyinin, həmrəyliyinin nəticəsi olaraq torpaqlarımızın düşməndən azad edildiyini, haqq-ədalətin bərpa olunduğunu, Şanlı Zəfər gününün tariximizə şəhidlərimizin qanı ilə yazıldığını, üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda əzəmətlə dalğalandığı vurğuladılar.
Şəhidlərimizin silahdaşları onların döyüş meydanında göstərdikləri igidlikdən, şücaətdən söhbət açdılar.
Anım tədbirində xatirələrini bölüşən şəhidlərimizin valideynləri övladlarının qəhrəmanlığından qürur duyduqlarını, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda edən Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!