Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidləri Teymur Tağı oğlu Zeynalov və Vahid Sahib oğlu Abbasovun şəhadətlərinin ikinci ildönümü ilə əlaqədar anım tədbirləri keçirildi

24 oktyabr 2022 | 12:08

Hər bir şəhid məzarı xalqımızın and yeri, qürur duyacağı məkandır. Əsrlərə söykənən zəngin milli-mənəvi dəyərlərimiz şəhidlərimizin müqəddəs ruhları ilə təzələnir. Şəhid qanı ilə xalqımızın, Vətənimizin, dövlətimizin, ordumuzun şərəf tarixinə yeni səhifələr yazılır. Qeyrəti, ləyaqəti, namusu, xalqımızın milli heysiyyatını canından üstün tutan Vətən oğulları həyatlarını müqəddəs haqq savaşında qurban etdilər. Hər bir şəhid ömrü  xalqımızın mənəvi dəyərlərininin yaşantısıdır.

24 oktyabr 2022-ci il tarixində şəhidliyi ilə xalqımızın mənəvi dəyərlərini, Vətənin, dövlətin, ordumuzun şərəf tarixini yaşadan oğullardan olan Teymur Tağı oğlu Zeynalov və Vahid Sahib oğlu Abbasovun şəhadətlərinin ikinci ildönümü ilə əlaqədar Biləcəri və Binəqədi qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı Kompleksində məzarları ziyarət olundu və ehsan mərasimləri təşkil edildi.

Anım mərasimlərində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının, qəsəbə icra nümayəndəliyinin, Rayon Gənclər və İdman idarəsinin, bələdiyyələrin rəhbərləri, rayon ictimaiyyəti və məktəblilər iştirak etdilər.

Mərasimlərdə şəhidlərimizin ruhlarına dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və  yaxınlarına ehtiramını bildirdi. Ərazi bötüvlüyümüz uğrunda gedən döyüşlərdə göstərdikləri şücaətdən, eləcə də Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən bəhs edən Elxan Allahverdiyev qeyd etdi ki, vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olur: “Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq. Belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik”.

Şəhidimizin həyat və döyüş yolundan söhbət açan valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını  bildirdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər