Şriftin ölçüsü :

Saytın rəngi :

Xocəsən qəsəbəsində Vətən müharibəsi şəhidi Həci Hüseynovun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi

25 oktyabr 2022 | 15:53

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var - Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. Azərbaycanın müstəqilliyi, torpaqlarımızın toxunulmazlığı uğrunda canlarını fəda etmiş şəhidləri müqəddəs bir amal birləşdirir: «Biz gəldi-gedərik, təki Vətən yaşasın!»

25 oktyabr 2022-ci il tarixində Xocəsən qəsəbəsində Vətən müharibəsi şəhidi Həci Hüseynovun  şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi.

Anım mərasimində şəhidin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkili Səbinə Xasayeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının nümayəndləri, Rayon İcra Hakimiyyəti başçısının Xocasən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri iştirak etdilər.

Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və  yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadətindən, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan oğullarımızın qəhrəmanlığından söhbət açaraq bildirdi ki, döyüş meydanında əsgər və zabitlərimizin göstərdiyi şücaət xalqımızın Zəfər tarixinə qızıl hərflərlə yazıldı və şəhidlərin döyüş yolu və vətənpərvərliyi gələcək nəsillər üçün bir nümunədir.

Millət vəkili Səbinə Xasayeva, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışlarında şəhidlərimizin ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunması yolunda müstəsna xidmətlərindən danışaraq, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan söz açdılar.

Şəhidin valideynləri övlad itkisinin nə qədər ağır olduğunu bildirsələr də, övladlarının belə şərəfli yolda, Vətən uğrunda qəhrəmancasına şəhid olmasından fəxr duyduqlarını diqqətə çatdırdılar və onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını  bildirdilər.

Azərbaycan xalqı igid oğullarını heç bir zaman unutmur, onların xatirəsini həmişə qürur hissi ilə yad edir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər