Alşan Feyziyevdən, Bakı şəhəri Binəqədi rayonu, 09 oktyabr 2020-ci il
Əziz və hörmətli Prezident,
Mən və ailə üzvlərim digər məcburi köçkünlər kimi 1993-cü ildə xəyanətkar Sovet rəhbərlərinin kömək etdiyi mənfur düşmənlərimiz tərəfindən işğala məruz qalan Cəbrayıl rayonundan köçkün düşdük. Ulu öndər Heydər Əliyevin səyi nəticəsində Araz çayını keçərək İran dövləti ərazisinə, oradan da Bakı şəhərinə üz tutduq. Allah ona rəhmət eləsin. O, böyük şəxsiyyət olmasaydı Azərbaycanın taleyi sual altında qalardı. Dövlətimizin xilaskarına eşq olsun, məzarı nurla dolsun!
Əziz və hörmətli Prezident, 1993-cü ildən 6 baş ailə üzvümlə birgə mehmanxanada məskunlaşmış, çox çətinliklərlə üzləşmişik. Buna baxmayaraq heç vaxt ümidimizi itirmədik, bilirdik ki, Sizin kimi uzaqgörən, dünya liderliyinə layiq, adı Azərbaycanın igid oğlu kimi dastanlara qızıl hərflərlə yazılacaq bir Prezidentimiz var! Torpaqlarımız mütləq işğaldan azad olunacaq!
Tanrı Sizi qorusun! Şanlı Ordumuza eşq olsun!
Hörmətlə,
Feyziyev Alşan Alxan oğlu, Cəbrayıl rayonundan məcburi köçkün
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu