Əliyev Bəxtiyar Həmzə oğlu - AMEA-nın müxbir üzvü, Professor, Psixologiya elmləri doktoru, Bakı Dövlət Universiteti Psixologiya kafedrasının müdiri, Milli Məclisin deputatı, Azərbaycan Respublikası Milli məclisinin Elm və təhsil komitəsinin sədri
Bəxtiyar Əliyev 1961-ci il mart ayının 20-də Ağdam şəhərində anadan olmuşdur. 1979-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin psixologiya fakültəsinə daxil olmuşdur. 1983-ci ildə həmin fakültəni bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) “Psixologiya və pedaqogika” kafedrasında təyinatla əmək fəaliyyətinə başlamışdır. 1989-cu ildə fəlsəfə sahəsində “Millətlərarası ünsiyyət sosial-psixoloji təhlilin obyekti kimi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. 1998-ci ildə psixologiya elmləri üzrə “Cinayət və mülki prosesdə məhkəmə-psixoloji ekspertizası problemləri” adlı doktorluq dissertasiyasını müdafiə edərək psixologiya elmləri doktoru elmi dərəcəsi, 2000-ci ildən psixologiya elmləri üzrə professor elmi adı almışdır. O, keçmiş SSRİ-də məhkəmə-psixoloji ekspertizasının ümumi nəzəriyyəsini işləyib hazırlayan ilk tədqiqatçı alimlərdən biridir. O, həmin nəzəriyyəyə söykənərək ilk dəfə olaraq, fizioloji affektin müəyyən edilməsinin yeni metodikasını və psixoloji meyarlarını, həmçinin məhkəmə-psixoloji ekspertizasının növlərinin təsnifat sistemini müəyyənləşdirmişdir. Əldə edilmiş nəticələr hüquq praktikasında istifadə edilərək, cəzanın fərdiləşdirilməsində və obyektiv araşdırılmasında istifadə edilir.
O, beynəlxalq səviyyədə siyasi psixologiyanın aktual məsələlərinə həsr olunmuş çoxsaylı məqalələrin müəllifidir. 1997-ci ildən bu günə qədər psixologiya kafedrasına rəhbərlik edir. B.H.Əliyev 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 2000-ci ildən hazırkı dövrə qədər psixologiya elmləri üzrə Dissertasiya şurasının sədridir. Elmi fəaliyyətinə görə 1999-cu ildə Beynəlxalq Kadrlar Akademiyasının həqiqi üzvü seçilmişdir. Azərbaycanda ilk dəfə olaraq, Bakı Dövlət Universitetində “Eksperimental psixologiya” elmi-tədqiqat laboratoriyasını yaradaraq idrak prosesləri, şəxsiyyət psixologiyası sahəsində elmi araşdırmalara rəhbərlik edir.
Professor B.H.Əliyevin rəhbərliyi altında 23 namizədlik, 5 doktorluq dissertasiyası müdafiə olunmuşdur. O, 6 monoqrafiyanın, 15 dərslik və dərs vəsaitinin, 29 proqram və metodiki tövsiyənin, 150 elmi məqalə və tezisin müəllifidir, xarici ölkələrdə 15 elmi əsəri çap edilmişdir.
Respublikamızda ilk dəfə olaraq 1999-cu ildə “Psixologiya jurnalı”nı təsis etmiş və elə həmin dövrdən hal-hazıra kimi onun baş redaktorudur.
B.H.Əliyev elmi-pedaqoji fəaliyyətlə yanaşı, ictimai-siyasi fəaliyyətlə də məşğuldur. Azərbaycan Respublikası Milli Məclisinin II çağırışının (2000-2005-ci illər), III çağırışının (2005-2010) deputatı seçilmişdır. Hazırda Milli Məclisin IV çağırış deputatıdır. Avropa Şurası Parlament Assambleyasının üzvü kimi “Elm və təhsil məsələləri komitəsinin”, “Monitorinq komitəsinin” üzvü və “Geniş miqyaslı miqrantlar və köçkünlərlə iş üzrə” alt komitənin sədri olmuşdur. 2005-ci ildən hal-hazıra kimi Azərbaycan Respublikası Milli Məclisinin “Elm və təhsil komitəsinin” sədr müavinidir.
O, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında “Əfv məsələləri üzrə komissiya”nın və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiya”nın üzvüdür. 2020 — hal-hazıra kimi Milli Məclisin Elm və təhsil komitəsinin sədridir.