2023-cü ilə dair etik müvəkkilin hesabatı
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında etik davranış məsələləri ilə əlaqədar 2023-cü ildə görülən işlər haqqında Hesabat
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsaslanaraq, hesabat ilində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında bir sıra işlər görülmüşdür.
Belə ki, hesabat ilində Aparatda və ərazi nümayəndəliklərində çalışan dövlət qulluqçularını maarifləndirmək məqsədilə aşağıdakı mövzularda təlimlər keçirilmişdir:
- “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə” ilə yerli icra hakimiyyətlərinə həvalə edilmiş vəzifə və səlahiyyətlər;
- Dövlət qulluqçularının etik davranış qaydaları;
- Dövlət qulluqçularının etik davranış qaydaları: “Korrupsiyanın qarşısının alınması, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi”;
- Dövlət qulluqçularının etik davranış qaydaları: “Vicdanlı davranış, loyallıq, mədəni davranış, insanların və hüquqi şəxslərin işgüzar nüfuzuna, şərəf və ləyaqətinə hörmət”;
- “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddəalar: “Dövlət qulluqçusunun hüquqları, dövlət qullugu ilə əlaqədar məhdudiyyətlər, təminatlar, mükafatlandırma və məsuliyyət”;
- Vətəndaşların müraciətləirinə baxılması işinin təşkili.
Məlum olduğu kimi, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyətinin hər təqvim ilinin sonunda qiymətləndirilməsi müəyyən edilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısının 8 may 2014-cü il tarixli 99 nömrəli Sərəncamına əsasən, 1 iyun 2014-cü il tarixdən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında çalışan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə başlanmış və 2021-ci ildə də dövlət qulluqçularının fəaliyyəti qiymətləndirilmişdir.
Hesabat ilində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.4-cü maddəsinə və “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 8-ci bəndinə əsasən, 17 nəfər dövlət qulluqçusuna növbəti ixtisas dərəcələri verilmiş, 23 iyun Dövlət qulluqçularının Peşə bayramı münasibətilə 15 nəfər əməkdaş Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətinə görə RİH başçısının müavini Süleymanova Sevinc Məhəmməd qız “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
İl ərzində Rayon İcra Hakimiyyəti başçısı Aparatında çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulmasına görə daxil olmuş şikayətlərə qanunvericiliyin tələblərinə uyğun baxılır.
Ötən il ərzində Rayon İcra Hakimiyyəti başçısı Aparatında çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulmasına görə 11 şikayət daxil olmuşdur ki, bunlardan 1 şikayət üzrə müvafiq izahat verilmiş, 10 şikayət yerində araşdırılaraq əsassız olduğu müəyyən edilmişdir.
3 nəfər əməkdaş etik davranış qaydalarının pozulmasına görə inzibati tənbeh almışdır.