2015
Binəqədi rayonunda sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər
Azərbaycanda ardıcıl həyata keçirilən islahatlar nəticəsində bütün istiqamətlərdə olduğu kimi sosial-iqtisadi sahədə də uğurlu nəticələr əldə edilmiş, sahibkarlığın inkişafı istiqamətində də bir sıra önəmli addımlar atılmış, bu da sağlam biznes mühitinin daha da əlverişli olmasına real şərait yaratmışdır. Son illərdə Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi, işsizliyin aradan qaldırılması və sair sosial yönümlü problemlərin həlli sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlıdır.
Ölkədə həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirililməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm əhəmiyyətli addımlar atılmışdır.
Eyni zamanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının icrası davam etdirilmiş, bu dövrdə kənd təsərrüfatı sahəsində 5,0 faiz artıma nail olunmuş, bu sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam etdirilmişdir. Quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri, aqroservislər yaradılmış, su təminatı və meliorativ tədbirlər görülmüş, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artmış, mövsümlə əlaqədar istehlak qiymətləri kəskin dəyişməmiş və bu sahədə sabitliyə nail olunmuşdur.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin iştirakı ilə Binəqədi rayonunda yerləşən sahibkarlıq subyektlərinin rəhbərləri ilə görüş keçirilmiş, obyektlərdə monitorinqlər aparılmışdır.
Qeyd etmək lazımdır ki, sahibkarlar arasında aparılan genişmiqyaslı təbliğat-təşviqat işlərinin nəticəsində 2015-ci ilin yanvar-avqust ayları çərçivəsində Binəqədi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna 17070 manat məbləğində vəsait köçürülmüşdür.
Hazırda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar daha geniş vüsət almış və sosial-iqtisadi inkişaf sahəsində keyfiyyətcə yeni-davamlı inkişaf mərhələsinə keçidin təməli qoyulmuşdur. Yeni mərhələnin əsas hədəfi, iqtisadi səmərəlilik sosial ədalətlilik və ekoloji təhlükəsizlik prinsiplərini rəhbər tutmaqla, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası əsasında uzunmüddətli perspektivdən ölkədə əldə olunmuş dinamik, sosial iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.
Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.
Sahibkarlığın inkişafı sahəsində qəbul edilmiş normativ-hüquqi sənədlər, sahibkarlığa dövlət maliyyə mexanizminin daha da təkmilləşdirilməsi iş adamlarında özünəinam hissini artırmış, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, xüsusilə də regionlarda yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına təkan vermişdir. Artıq ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektləri sosial təşəbbüslərə daha fəal qoşulmaqdadırlar.
Dövlət başçısının 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) həyata keçirilməsi nəticəsində bölgələr potensial inkişaf etmiş, sahibkarlığın inkişafı sahəsində əhəmiyyətli tədbirlər həyata keçirmiş, yeni istehsal və emal müəssisələri, iqtisadi və sosial infrastruktur yaradılmış, əhalinin həyat səviyyəsi daha da yaxşılaşdırılmışdır. Bu işlər “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində də davam etdirilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “2006-2007-ci illər üzrə Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2011-2013-cü illər üzrə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”, həmçinin “2014-2016-cı illər üzrə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda müvafiq tədbirlər çərçivəsində sahibkarlığın inkişafı üçün imkanlar yaradılmışdır.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 19 iyun 2014-cü il tarixli,133 saylı Sərəncamı ilə təsdiq edilmiş 2015-ci ilin iyun-iyul aylarında Bakı Şəhərində 1-ci Avropa oyunlarının keçirilməsi ilə əlaqədar Binəqədi rayonu ərazisində görülməsi nəzərdə tutulan işlər haqqında Tədbirlər Planının təbliğat və maarifləndirmə işlərinin təşkili bölməsinin müvafiq bəndinə uyğun olaraq rayon ərazisində fəaliyyət göstərən təsərrüfat subyektlərinin rəhbərləri müxtəlif sosial yönümlü müsabiqələrə cəlb olunmuş, yerli sahibkarlar ilə qarşılıqlı sıx əlaqələr yarıdılmışdır.
Belə ki, Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyi və RİH başçısı Aparatının əməkdaşlarının iştirakı ilə 10 iyul 2014-cü il tarixdə, “Hollywood” iş mərkəzində “Təmiz Binəqədi” lahiyəsi mövzusunda “Ən təmiz obyekt” müsabiqəsi ilə əlaqədar tədbir keçirilmiş və “Ən təmiz sahibkarlıq obyekti” devizi ilə keçirilən tədbirə 80-a yaxın sahibkar qatılmışdır. Müsabiqənin keçirilmə şərtlərinə gəldikdə isə müsabiqədə iştirak etmək üçün iştirakçıların xüsusi hazırlanmış forma üzrə qeydiyyatı aparılmış, hər bir iştirakçı həyətyanı sahəsinin, müəssisənin eksteryer görünüşünü və ünvanın küçə hissəsinin müxtəlif rakuslardan çəkilmiş ən azı 10 ədəd 20x30 sm ölçüdə foto şəkillərini həm kağız, həm də elektron formada təqdim etmişdirlər. Sonda mükafatlandırma təntənəli şəkildə kütləvi informasiya nümayəndələrinin iştirakı ilə həyata keçirilmişdir. Müsabiqənin yekunu olaraq, “Altis group of companies” 1-ci yerə, “Letterpress” MMC 2-ci yerə, “Lalə” restoranı isə 3-cü yerə layiq görülmüşdüşdür. “Fab” MMC isə müsabiqədə yaxından iştirakına görə Təşəkkürnamə ilə təltif olunmuşdur.
Həmçinin sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində ötən dövr ərzində görülən işlərin davamı olaraq “2014-2016-cı illər üzrə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın 2.1.8 (Binəqədi rayonunda müxtəlif təyinatlı sənaye məhsulları istehsalı müəssisələrinin yaradılmasının dəstəklənməsi), 2.19 (Kiçik sahibkarlığın inkişafının dəstəklənməsi), 2.1.10 (Binəqədi rayonunda kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə təchizat mərkəzinin tikintisinin dəstəklənməsi) bəndlərində də bu sahənin inkişafına xüsusi önəm verilmişdir.
Binəqədi rayonunda “2014-2016-cı illər üzrə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nı uğurla icra edilməsinin nəticəsində rayonda yeni iş yerlərinin açılması davam edir.
Binəqədi rayonunda 2015-ci ildə yeni açılmış iş yerlərinin sayı
Yeni açılmış iş yerlərinin sayı, cəmi |
o cümlədən: |
|||
Yeni yaradılmış müəssisə və təşkilatlarda | Mövcud müəssisə və təşkilatlarda | Fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda | Fiziki şəxslərdə | |
4516 |
593 |
626 | 40 | 3257 |
Binəqədi rayonunda 2015-ci il üzrə iqtisadi fəaliyyət növlərinə görə yeni açılmış iş yerlərinin bölgüsü aşağıdakı kimi olmuşdur:
2015-ci il üzrə iqtisadi fəaliyyət növlərinə görə yeni açılmış iş yerlərinin bölgüsü
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafında, xüsusilə rəqabətli bazar münasibətləri şəraitində respublikanın regionlarında, eləcə də Bakı şəhəri və onun qəsəbələrində iqtisadiyyatın prioritet sahələrinin mütərəqqi texnologiyalar əsasında modernləşdirilməsi, yeni sənaye sahələrinin yaradılması və beynəlxalq standartlara uyğun yüksək rəqabətqabiliyyətli məhsul istehsalının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.
Belə ki, 2014-cü il oktyabr ayının 23-də müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyələşdirilməsinə istiqamətində Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilmişdir. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilmiş, Binəqədi rayonunda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılmış, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilmişdir.
100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Binəqədi rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli istixana təsərrüfatlarının, plastik qapı-pəncərə istehsalı müəssisəsinin və tikiş sexinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir. Forum çərçivəsində Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində güzəştli kredit ayrılmış müasir texnologiyaların tətbiqinə əsaslanan tikinti materialları istehsal edən müəssisənin fəaliyyətinə baxış keçirilmişdir. İldə 30 min ton PVC tərkibli yarımfabrikatlar istehsal etmək gücündə olan bu müəssisəyə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilmişdir.
Bundan başqa Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair növbəti işgüzar forumu 2015-ci il iyul ayının 15-də Binəqədi rayonunda keçirmişdir. Tədbirdə 80-dək sahibkar iştirak etmişdir.
Binəqədi rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış yaşıl marketin, ət kəsimi müəssisəsinin və kiçik və orta həcmli istixana təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, sahibkarlara həmin nümunəvi layihələr, eləcə də digər metodiki materiallar təqdim olunmuşdur.
İşgüzar forumda Sahibkarlığa Kömək Milli Fondunun koordinatorluğu ilə sahibkarlarla müvəkkil kredit təşkilatlarının səlahiyyətli nümayəndələri arasında qarşılıqlı dialoq əsasında kreditin alınması ilə bağlı məsələlər müzakirə edilmiş və tərəflər arasında işgüzar münasibətlər yaradılmışdır.
“Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forumlar gələcəkdə də davam etdiriləcəkdir.
Son illərdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin məntiqi nəticəsidir ki, Binəqədi rayonunda təkcə 2015-ci ilin 2 rübü ərzində qeydiyyatdan keçən fiziki şəxslərin sayı 1421, hüquqi şəxslərin sayı isə 763 təşkil etmişdir.
Onların 27 faizi tikinti, 4 faizi sənaye, 24 faizi ticarət, 14 faizi sosial və 32 faizi digər sektorlarda fəaliyyət göstərir. Rayon ərazisində yeni yaradılan “Hann İnşaat” MMC, “Akser” MMC, “TRCO” MMC kimi yeni şirkətlərin açılması öz növbəsində 333 yeni iş yerinin açılmasına səbəb olmuşdur.
Son illərdə investiya qoyuluşunun gündən-günə artması nəticəsində Binəqədi rayonu ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri, iri və orta infrastuktur layihələrinin həyata keçirilməsi, əsas fondların dəyərinin artırılması öz növbəsində sahibkarlıq subyektləri üçün münbit və sağlam mühit formalaşdırmış, eyni zamanda onların fəaliyyətinin artırılmasına əlverişli imkanlar yaratmışdır. Gələcəkdə də paytaxt və regionlarda sahibkarların aldığı güzəştli kreditlərdən daha da səmərəli şəkildə istifadə etmələri üçün həm maliyyə resursları artacaq, həm məsləhət, tövsiyə xarakterli tədbirlər daha da intensivləşəcək və bu da öz növbəsində sahibkarlığa aid bütün aspektlərin inkişafında stimullaşdırıcı faktor rolu oynacaqdır. Həmçinin həyata keçirilən tədbirlər, ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasında müəyyən olunan hədəflər bir daha göstərir ki, bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın sosial –iqtisadi vəziyyətinin davamlı olaraq yaxşılaşmasını təmin edəcəkdir.