Şriftin ölçüsü :

Saytın rəngi :

AĞDAM

Ağdam rayonu Qarabağ düzünün dağətəyi hissəsində yerləşir. Əsası XVIII əsrdə qoyulan Ağdam şəhəri qədim tarixi məkanlardan biridir. Ağdamda qədim tarixə malik çoxlu memarlıq və incəsənət abidələri vardır. Onlardan XIX əsrdə tikilmiş türbəni, Xanoğlu türbəsini, Pənah xanın türbəsini, Pənah xanın imarətini, iki sandığabənzər abidəni və XV əsrə aid Sərdabəni qeyd etmək olar.
1993-cü il iyulun 23-də Ermənistan tərəfindən işğal olunduqdan sonra rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilmiş, çoxsaylı tarixi abidələrin xeyli hissəsi məhv edilmiş, zahiri görkəmi süni şəkildə dəyişdirilmişdir.
2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış Ermənistanın kapitulyasiyası sayılan üçtərəfli bəyanata əsasən Ağdam rayonu hərbi əməliyyatlar aparılmadan və itki verilmədən 2020-ci il noyabrın 20-də tarixində geri qaytarılmışdır. Məhz bu gün – 20 noyabr “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Ağdam şəhəri günü kimi qeyd edilir.
2025-ci il martın 27-dən etibarən Ağdama keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir.
Dövlət başçısının xüsusi diqqəti nəticəsində Ağdamda geniş bərpa-quruculuq işləri həyata keçirilir. Bu işlər hazırda minatəmizləmə prosesi ilə paralel şəkildə aparılır. Bugünədək dövlət başçısı tərəfindən Bərdə-Ağdam avtomobil yolunun, 110/35/10kV-luq “Ağdam” qovşaq yarımstansiyasının, Xaçınçay su anbarının, Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışları reallaşdırılmışdır. Bundan əlavə, Ağdam İmarət Kompleksi və “Aghdam City Hotel”i istifadəyə verilmişdir.
Regionun mədəni irsinin qorunması və bərpası istiqamətində mühüm işlər görülmüş, tarix və mədəniyyət, habelə dini abidələr bərpa edilmişdir. Həyata keçirilən layihələr nəticəsində Ağdam Cümə məscidi bərpa edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov məscidinin bərpadan sonra açılışında iştirak etmişlər. Bundan əlavə Ağdamın Qiyaslı kəndindəki tarixi məscid də bərpa edilmişdir. Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq Ağdam Muğam Mərkəzi də inşa edilərək istifadəyə verilmişdir.
Dövlət başçısı Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafının sürətləndirilməsinə və buraya geri qayıdan əhalinin məşğulluğunun təmin edilməsinə xüsusi diqqət yetirir. Bu diqqətin nəticəsində artıq rezidentlərin sayına görə ölkənin ikincisi olan Ağdam Sənaye Parkında on müxtəlif təyinatlı müəssisə fəaliyyətə başlamışdır.
Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Ağdamın Sarıcalı və Kəngərli kəndlərinin artıq birinci mərhələsinin açılışı edilmişdir. Dövlət başçısı Ağdamın Kəngərli kəndinə köçən sakinlərlə görüşərək, onlara evlərinin açarlarını təqdim etmişdir. Bundan əlavə, Kəngərli kənd tam orta məktəbinin və körpələr evi-uşaq bağçasının binalarının açılışı baş tutmuşdur. Sosial infrastrukturun qurulması istiqamətində aparılan genişmiqyaslı tədbirlər nəticəsində Ağdam şəhərində 1 nömrəli tam orta məktəb və 1 nömrəli körpələr evi-uşaq bağçası inşa edilmişdir. Bu mühüm layihələrin tamamlanması Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə təhsil və uşaq müəssisələrinin yenidən qurulması işlərinin davamlı və yüksək səviyyədə aparıldığının bariz göstəricisidir. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak məqsədilə Azərbaycana səfər edən Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər.

 

Keçidlər