Şriftin ölçüsü :

Saytın rəngi :

Emil Pənahovdan, Bakı şəhəri Binəqədi rayonu, 09 dekabr 2023-cü il

Möhtərəm cənab Prezident

Biz, Azərbaycanda yaşayan və rəsmi fəaliyyət göstərən “Vineyard Azərbaycan" xristian dini icmasının üzvləri bildiririk ki, ölkəmizdə aparılan uğurlu birgəyaşayış siyasətinin nəticəsi olaraq, fikirlərimizi könüllü və azad şəkildə bəyan edə, dilədiyimiz etiqada sitayiş göstərə bilirik. Müəyyən qüvvələrin apardığı qarayaxma kampaniyası ilə Azərbaycandakı tolerant və multikultural dəyərləri zədələməyə çalışan dezinformasiyalara qarşı bunu demək istəyirik ki, Azərbaycanda xristian dini etiqadına sitayiş edənlərin təhlükəsizliyi barədə söhbət getmək bilməz. Hər bir xristian, yəhudi və digər dini etnik qrupların nümayəndələri dövlət qayğısında müsəlman icmalarından heç də geri qalmır. Azərbaycan dövləti qeyri-İslam icmalarına da xüsusi diqqət və qayğı göstərir.

Bu informasiyalar birgəyaşayış siyasətinə qarşı aparılan qara təbliğatdır. Əgər həqiqətən Azərbaycanda xristian dininin ardıcılları təqib olunsaydı, bu il avqustun 25-27-də Bakı şəhərinin mərkəzində yerləşən “Yevangelik Xilaskar Lüteran" kilsəsində “Vineyard Azərbaycan" xristian dini icmasının “10 illik yubiley" adlı konsert və xeyriyyə tədbirini keçirə bilməzdik. Bu, bir daha sübut edir ki, Azərbaycanda yaşayan xristianlar istənilən vaxt bir yerə toplaşaraq ibadətlərini azad şəkildə edə bilərlər.

“Dini etiqad azadlığı" haqqında Qanun bir daha bizə göstərir ki, Azərbaycanda dini etiqad azadlığı heç bir dinə mənsub şəxsləri can və azadlıq təhlükəsi ilə üz-üzə qoymur.

Cənab Müzəffər Ali Baş Komandan, əminik ki, dezinformasiyalara qarşı Azərbaycanın birgəyaşayış modeli bariz nümunə göstərilərək dünyaya bu mənəvi böhranda həqiqi çıxış yolu təqdim ediləcək. Çünki Tanrının müqəddəs kitabında qeyd olunub ki, hər ağac bəhrəsindən tanınar. Ümummilli Lider Heydər Əliyevin başlatdığı və Sizin davam etdirdiyiniz uğurlu siyasət öz bəhrələrini verir. Bu gün xristianlar şəhərin mərkəzində ilahilər oxuyur, müsəlman və yəhudi icmaları isə onlara dəstək olmaq üçün tədbirlərində böyük sevinc v məmnunluqla iştirak edirlər.

Budur Azərbaycan həqiqətləri! Birgəyaşayış siyasəti öz bəhrələrini verir.

Tanrı Azərbaycanı və Sizi qorusun!

Hörmətlə,

Emil Pənahov, “Vineyard Azərbaycan” xristian dini icmasının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi

Keçidlər