Emil Pənahovdan, Bakı şəhəri Binəqədi rayonu, 13 yanvar 2026
Hörmətli Prezident,
Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin hüquqi əsaslar üzərində qurulması, dini azadlıqların təmin edilməsi və konfessiyalararası harmoniyanın qorunması müasir Azərbaycan dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən ardıcıl və prinsipial yanaşma ölkədə ictimai sabitliyin, vətəndaş həmrəyliyinin və multikultural dəyərlərin möhkəmləndirilməsinə xidmət edir.
“Vineyard Azərbaycan” xristian dini icması olaraq, dini icmalara göstərilən dövlət diqqətini və maliyyə dəstəyini dövlət-vətəndaş münasibətlərində etimadın, inklüzivliyin və sosial məsuliyyətin bariz nümunəsi kimi qiymətləndiririk. Bu dəstək dini icmaların fəaliyyətinin davamlılığına, sosial-mənəvi təşəbbüslərin inkişafına və cəmiyyətin rifahına töhfə verən layihələrin həyata keçirilməsinə real imkanlar yaradır. Bu xüsusda, dini icmalara göstərilən diqqət və qayğıya görə İcmamız adından Sizə dərin minnətdarlığımızı ifadə edirik. Sizin rəhbərliyinizlə həyata keçirilən siyasət dini müxtəlifliyin qorunmasını dövlət təhlükəsizliyi və ictimai sabitliyin ayrılmaz tərkib hissəsi kimi dəyərləndirir və bu yanaşma Azərbaycan Respublikasının beynəlxalq nüfuzunu daha da möhkəmləndirir.
“Vineyard Azərbaycan” xristian dini icması Azərbaycan Respublikasının qanunvericiliyinə hörmət və sadiqlik prinsiplərini rəhbər tutaraq, cəmiyyətin mənəvi inkişafına, sosial həmrəyliyin möhkəmləndirilməsinə və vətəndaş birliyinin qorunmasına öz töhfəsini verməyə davam edəcəkdir. Bir daha göstərilən diqqət və dəstəyə görə dərin təşəkkürümüzü bildirir, dövlət-din münasibətlərinin inkişafı istiqamətində aparılan siyasətin ölkəmizin gələcək rifahına xidmət edəcəyinə əminliyimizi ifadə edirik.
Mənəvi dəyərlərə söykənən vətəndaş mövqeyimizdən çıxış edərək, Azərbaycan Respublikasının rifahı, ictimai sabitliyi və vətəndaş birliyinin daha da möhkəmlənməsi üçün Uca Allahdan müdriklik, sülh və davamlı inkişaf diləyirik. Dualarımızda ölkə rəhbərliyinin, dövlət institutlarının və xalqımızın üzərində daim ədalət, qarşılıqlı hörmət və sağlam dialoq mühitinin bərqərar olmasını arzu edir, Azərbaycanın gələcəyinin təhlükəsiz, firavan və mənəvi dəyərlər üzərində yüksələn bir yol ilə irəliləməsini diləyirik.
Hörmətlə,
Emil Pənahov
“Vineyard Azərbaycan” xristian dini icmasının sədri
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi









