FÜZULİ
Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları ilə və Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi tarix, mədəniyyət və memarlıq abidələri ilə zəngindir.
1993-cü il avqustun 23-də Ermənistan tərəfindən işğal edildikdən sonra həmin memarlıq abidələrinə ciddi zərər vurulmuşdur. Arğalı türbəsi, Babı türbəsi, Mirəli türbəsi, Hacıqiyasəddin məscidi, Karvansara və bu kimi tarixi əhəmiyyət daşıyan abidələr məhv edilmiş, yandırılmışdır.
Füzuli 2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusu tərəfindən işğaldan tam azad edilmişdir. Məhz bu gün - 17 oktyabr “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Füzuli şəhəri günü kimi qeyd edilir.
Prezident İlham Əliyevin tapşırığına əsasən rayon yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir. 2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir.
Dövlət başçısının xüsusi diqqəti nəticəsində rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilmişdir
Füzulidə nəqliyyat infrastrukturunun yaradılması istiqamətində nəhəng layihələr reallaşdırılmışdır. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istismara verilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açılışı edilmiş Füzuli Beynəlxalq Hava Limanı da istismara verilmişdir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binası və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən qazax xalqı adından hədiyyə olaraq Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi də təhvil verilmiş layihələr sırasındadır.









