Şriftin ölçüsü :

Saytın rəngi :

İlqar İsmayılovdan, Bakı, Azərbaycan, 08 dekabr 2021-ci il

Hörmətli cənab Prezident.

Aşıq Ələsgəri sevənlər adından Sizə bu təşəkkür məktubunu yazmağı özümə borc bildim. Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında və xatirəsinin əbədiləşdirilməsi məqsədilə ustad sənətkarın abidəsinin ucaldılması haqqında sərəncamlarınıza görə Sizə sonsuz təşəkkür edirəm.

Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi, mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşmaq ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan aşıq sənətinin zirvələrindən olan və cəmi aşıqların mənəvi atası hesab edilən Aşıq Ələsgərin 150 illik yubileyi də ulu öndərimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə böyük təntənə ilə qeyd olunub. Ulu öndərimiz Heydər Əliyevin göstərişi ilə əzəli yurdlarımızdan olan qədim Göyçə mahalında, doğulduğu Ağkilsə kəndində Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi ilə Aşıq Ələsgər günləri həm Göyçədə, həm də Azərbaycanın müxtəlif bölgələrində yüksək səviyyədə keçirilmişdir. Eləcə də Aşıq Ələsgərin 150 və 175 illik yubileyləri Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə dövlət səviyyəsində keçirilib.

2009-cu ildə Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.

Cənab Prezident, Sizin diqqət və qayğınız nəticəsində 2011-ci il dekabrın 14-də aşıq Ələsgərin 190 illik yubileyi təntənə ilə qeyd edildi. Ulu Öndərimizin qoyduğu ənənə Sizin tərəfinizdən qətiyyətlə davam etdirilir. Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanım Əliyeva bütün xalqımıza mədəni sərvətlərə yüksək dəyər verilməsinin əsl nümunəsini göstərir.

Cənab Prezident, fürsətdən istifadə edib hər zaman Sizinlə yanaşı olan, Sizinlə çiyin-çiyinə xidmət edən, xalqına diqqət və qayğısını əsirgəməyən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya “çox sağ olun” deyib, minnətdarlığımı bildirirəm.

Cənab Prezident, inanırıq ki, Sizin diqqət və qayğınız sayəsində aşıq sənətinin zirvələrində olan Aşıq Ələsgərin tükənməz irsi, yaratdığı böyük məktəb hər zaman öz mövcudluğunu dövlət səviyyəsində qoruyacaq.

Ulu öndər Heydər Əliyevin siyasi irsini sevən və dəstəkləyən Aşıq Ələsgər sevərlər Sizi hər zaman dəstəkləyir və dəstəkləyəcəyik. Sizin atdığınız hər bir addım bizdə nikbinlik yaradır.

Uca Tanrım, Azərbaycan dövlətçilik tarixinə əbədi həkk olunmuş ümummilli liderimiz Heydər Əliyevin davamçısı kimi Sizi qorusun.

Zati-alinizə və ailənizə möhkəm cansağlığı, xoş günlər, bundan sonrakı fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

İlqar İsmayılov

“goyce.az” saytının baş redaktorunun müavini, jurnalist

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

Keçidlər