Madər Musayevdən, Bakı şəhəri Binəqədi rayonu, 29 noyabr 2022-ci il
Möhtərəm cənab Prezident
2022-ci il noyabrın 25-də məni Azərbaycanın ali dövlət mükafatlarından biri olan 1-ci dərəcəli “Vətənə xidmətə görə" ordeninə layiq görmüsünüz.
Mənə verdiyiniz dəyərə və fəaliyyətimi yüksək qiymətləndirərək məni növbəti dəfə ordenlə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Qeyd etmək istəyirəm ki, mən uzun müddət ərzində Ulu Öndər Heydər Əliyevin, sonrakı dövrlərdə isə, cənab Prezident, Sizin öz şəxsiyyətimə qarşı daim böyük diqqət və qayğınızın şahidi olmuşam. Bundan əvvəl məni “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif etmisiniz. Müstəqillik illərində 6 dəfə Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməyə müvəffəq olmuşam. Mən də bu illər ərzində bütün imkanlarım daxilində Sizin siyasətinizin ən fəal dəstəkçilərindən biri olmuşam. Həmişə qürur duymuşam ki, Azərbaycana Sizin kimi böyük şəxsiyyət rəhbərlik edir.
Cənab Prezident, Azərbaycana rəhbərliyiniz dövründə həm Ümummilli Lider Heydər Əliyevin, həm də Sizin bütün sahələrdə danılmaz uğur və xidmətləriniz olub. Qarabağı düşməndən azad etməklə böyük bir tarixi missiyanı yerinə yetirmisiniz. Siz xalqımızın qürurunu özünə qaytarmısınız. İllər keçəcək Siz Azərbaycan tarixində qalib Prezident kimi qalacaqsınız.
Sizin fəaliyyətiniz bütünlüklə xalqımızın xoşbəxt gələcəyi və firavan yaşamasına yönəlib. Düşmən tapdağından azad olunmuş ərazilərdə Sizin rəhbərliyiniz altında hazırda böyük quruculuq işləri həyata keçirilir. İnanıram ki, yaxın vaxtlarda Qarabağ torpaqlarında həyat öz axarına düşəcək və əvvəlkindən daha gözəl olacaq. Xalqımız bütün bunları görür və yüksək qiymətləndirir. Bu gün ölkə vətəndaşlarının dəstəyi və Sizə verdiyi yüksək qiymət qazandığınız ən böyük uğurdur.
Möhtərəm cənab Prezident, məni təltif etdiyinizə görə bir daha Sizə dərin minnətdarlığımı bildirir və Sizi əmin edirəm ki, bundan sonrakı fəaliyyətimdə də Sizin müəyyən etdiyiniz siyasi kursun həyata keçirilməsində bütün qüvvə və bacarığımla iştirak edəcəyəm.
Fürsətdən istifadə edərək Sizə və Mehriban xanıma cansağlığı, ailə səadəti və Azərbaycanın tərəqqisi yolunda fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram.
Allah Sizi və ailənizi qorusun.
Dərin hörmət və ehtiramla,
Madər Musayev
Milli Məclisin deputatı
Azərbaycan Respublikası, Bakı şəhəri