Şriftin ölçüsü :

Saytın rəngi :

QUBADLI

1930-cu ildə təşkil olunmuş Qubadlı rayonu Azərbaycanın cənub-şərq hissəsində, Laçın və Zəngilan rayonları, həmçinin Ermənistan ilə həmsərhəd olan bir ərazidə yerləşir. Bu rayon əsasən dağlıq ərazilərlə əhatə olunub və bölgənin müxtəlif təbiət mənzərələri ilə zəngindir.

Qubadlı tarixən Zəngəzur mahalının (qəzasının) tərkibində olmaqla qədim tarixi–etnoqrafik bölgələrdən biridir. Rayon çox qədim dövrlərdən etibarən Azərbaycan xalqının yaşayış məskəni olmuşdur. Qubadlı rayonunun ərazisində Son Tunc–İlk Dəmir dövrünə aid “Xırman yeri” adlı yaşayış məskəni, Koroğlu qalası, Qalaça, Maltəpəsi kimi abidələr qeydə alınmışdır.

Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı birləşmələrinin hücumu nəticəsində işğal edilmişdir. İşğal nəticəsində Qubadlının tarixi, memarlıq və dini abidələri dağıdılmış, yerli əhalisi təcavüzə məruz qalaraq, öz doğma yurdlarından məcburən köçkün düşmüşdür.

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Qubadlı şəhəri oktyabrın 25-də işğalçı qüvvələrin mühasirəyə salınması ilə azad edilmişdir. Məhz bu gün - 25 oktyabr “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Qubadlı şəhəri günü kimi qeyd edilir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı rayonuna dəfələrlə səfərlər etmiş, rayonda görülən işlərlə tanış olmuş, bir sıra tədbirlərdə iştirak etmiş və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirmişlər. Dövlət başçısı rayonun bərpa və yenidən qurulması istiqamətində zəruri tapşırıq və tövsiyələrini vermişdir.

Dövlət başçısı Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin, Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, tam orta məktəb və Mərkəzi Xəstəxana binalarının, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun Xanlıq-Qubadlı yolunun, "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir.

Prezident İlham Əliyev Qubadlı rayonu ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olmuş, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin və sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının açılışını etmişdir.

Keçidlər