Şriftin ölçüsü :

Saytın rəngi :

ŞUŞA

Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni, ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.
Şuşa 1930-cu il avqustun 8-də inzibati rayon statusu almışdır. Rayonun mərkəzi Şuşa şəhəridir. Şəhər dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşir və üç tərəfdən sıldırım qayalarla əhatə olunur.
1992-ci il mayın 8-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Şuşa şəhəri 2020-ci il noyabrın 8-i Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Azərbaycan xalqının qətiyyəti sayəsində müzəffər Ordumuz tərəfindən işğaldan azad edilmişdir. Məhz bu gün – 8 noyabr “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Şuşa şəhəri günü kimi qeyd edilir.
Şuşa Zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, işğal dövründə vandalizm aktları nəticəsində dağıdılmış tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmışdır. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr reallaşdırılır. 2024-cü il mayın 11-dən etibarən Şuşaya keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir.
Bugünədək dövlət başçısı tərəfindən Şuşada bir sıra strateji əhəmiyyətli infrastruktur obyektləri açılmış və əhalinin istifadəsinə verilmişdir. Bunların sırasında Zəfər yolunu, 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasını, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzini, sutəmizləyici qurğular kompleksini, birinci yaşayış kompleksini, Dövlət Xidmətləri Mərkəzini, 1 nömrəli tam orta məktəbi, Bayraq Meydanını, Şuşa Müalicə-Sağlamlıq Mərkəzini qeyd etmək olar.
Şuşanın geniş turizm potensialının inkişaf etdirilməsi çərçivəsində “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotelləri, “İsa bulağı” istirahət kompleksi bərpa edilmiş, Şuşa Hotel və Konfrans Mərkəzi inşa olunmuşdur.
Mədəniyyət paytaxtımızda dini, tarixi-mədəni abidələrin, məscidlərin bərpası üzrə layihələrin icrası da geniş vüsət almışdır.
Qısa müddətdə görkəmli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Üzeyir Hacıbəylinin və Bülbülün dağıdılmış ev-muzeylərinin bərpası həyata keçirilmiş, Xurşidbanu Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin büstləri öz yerlərinə qaytarılmışdır. Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa, Saatlı, Daşaltı kənd, Çöl Qala və Mamayı məscidləri və bulaqları, Mehmandarovların malikanə kompleksi, Şuşa Yaradıcılıq Mərkəzi və digər tarixi-mədəni abidələr bərpa edilmiş, yeni məscidin inşasına başlanılmışdır.

 

Keçidlər