Şriftin ölçüsü :

Saytın rəngi :

Nağdəliyev Zeynal Səfər oğlu

Nağdəliyev Zeynal Səfər oğlu 1957-ci il noyabr ayının 5-də Bakı şəhərində anadan olmuşdur. 1974-cü ildə Bakıdakı 20 saylı orta məktəbi bitirmişdir. 1979-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini başa vurandan sonra Əzizbəyov rayonundakı 12 saylı internat məktəbində tərbiyəçi-müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1981-ci ildə 55 saylı texniki peşə məktəbində komsomol komitə katibi, 1982-1984-cü illərdə Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqı Mərkəzi Komitəsində təlimatçı və məsul təşkilatçı, 1984-cü ilin noyabrından Əzizbəyov Rayon Komsomol Komitəsinin I katibi, 1986-cı ilin aprelindən 1990-cı ilin fevralınadək Azərbaycan Komsomolu Mərkəzi Komitəsində şöbə müdiri, 1990-cı ilin iyulundan isə Azərbaycan Lenin Komsomolu Mərkəzi Komitənin katibi vəzifələrində işləmişdir.
1994-cü ilin fevral ayında Moskva Gənclər İnstitutunun doktoranturasına daxil olmuşdur. 2001-ci ildən Ümumrusiya Azərbaycanlılar Konqresinin icraçı direktoru işləmişdir. 1992-ci ildə tarix elmlər namizədi, 2000-ci ildə isə tarix elmlər doktoru alimlik dərəcəsi almışdır. 2003-2005-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, 29 noyabr 2012-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini, 31 may 2017-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri vəzifəsinə təyin edilmişdir. 1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktorudur.
2012-ci ilin iyun ayında 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş, 2017-ci ilin noyabr ayında Dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Ailələlidir, iki övladı var.
Keçidlər