Şriftin ölçüsü :

Saytın rəngi :

Qəribov Adil Abdulxalıq oğlu - AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, kimya elmləri doktoru, professor

Adil Abdulxalıq oğlu Qəribov 1950-ci il mart ayının 28-də Azərbaycan Respublikası Şəki rayonunun İbrahim kəndində anadan olmuşdur. 1966-cı ildə Kiçik Dəhnə kənd orta məktəbini gümüş medalla, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1972-1976 illərdə AEA Radiasiya Tədqiqatları Sektorunun aspiranturasında fiziki-kimya ixtisası üzrə təhsil almış, 1979-cu ildə "Seolit və tərkibində seolit olan katalizatorlara qamma şüaların təsirinin tədqiqi" mövzusunda namizədlik, 1995-ci ildə isə "Oksid və metaloksid sistemlərinin səthində maddələrin radiasiya-katalitik parçalanma proseslərində enerji ötürülməsinin qanunauyğunluqları" mövzusunda fiziki-kimya və radiasiya kimyası ixtisasları üzrə doktorluq elmi dərəcəsi almış, 1998-ci ildə radiasiya kimyası ixtisası üzrə professor elmi adına layiq görülmüşdür. A.Qəribov 2002- ci ildən bu günə kimi AMEA Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsində çalışır. 2005-ci ildə " Əməkdar elm xadimi" fəxri adına layiq görülmüş, 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Professor A.Qəribov respublikanın heterogen proseslərin və bərk cisimlərin radiasiya kimyası üzrə ilk elmlər doktoru, professor, "Radiasiya materialşünaslığı" elmi müdafiə şurasının həmsədri, elmi-texniki və müxtəlif elmi ekspert şuralarının üzvüdür. O, 200-dən artıq elmi əsərin, 17 müəlliflik şəhadətnaməsinin, 10 patentin müəllifidir, 8 elmlər namizədi və 1 elmlər doktoru yetişdirmişdir.
Görkəmli alimin elmi fəaliyyəti atom enerjisinin çevrilməsi və ondan istifadə olunması, atom-hidrogen energetikası, nüvə-neftkimya komplekslərinin yaradılması, nüvə reaktorlarının təhlükəsizliyi, radiasiya materialşünaslığı, radiasiya katalizi və adsorbsiyası, respublikanın nüvə və radiasiya təhlükəsizliyi kimi aktual problemləri əhatə edir.
A.Qəribov uzun müddət Rusiya İ.V.Kurçatov adına Atom Enerjisi İnstitutu, sonralar "Kurçatov Elmi Mərkəzinin" Hidrogen Energetika və Plazma Texnologiya İnstitutu, Rusiya EA Fiziki-kimya İnstitutu, Lomonosov adına MDU-nun "Radiasiya kimyası" kafedrası ilə birlikdə elmi tədqiqatlar aparmışdır.
2001-ci ildən A.A.Qəribov fundamental elmi tədqiqatlarla yanaşı geniş miqyaslı elmi-təşkilati işlər aparır. Onun RPİ-yə rəhbərlik etdiyi dövrdə institutun elmi istiqaməti və strukturu Azərbaycan Respublikasının problemləri ilə uzlaşan istiqamətlərə yönəldilib və beynəlxalq tələblərə uyğunlaşdırılıb. Onun rəhbərliyi altında RPİ-də ABŞ Energetika Nazirliyi, Çikaqo Universitetinin Arqon Milli laboratoriyası, Sandia Milli laboratoriyası, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, NATO, CRDF və UETM və sair qurumlarla layihələr əsasında elmi-texniki işlər icra olunur.

2020-ci ildə Azərbaycanda elmin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Keçidlər