Şriftin ölçüsü :

Saytın rəngi :

“Qarabağ həftəsi” layihəsi çərçivəsində Kəlbəcər rayonuna həsr olunmuş təqdimat keçirildi

25 may 2016 | 11:00

25 may 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü, 100, 143 və 246 saylı orta məktəblərin birgə təşkilatçılığı ilə “Qarabağ həftəsi” layihəsi çərçivəsində Kəlbəcər rayonu haqqında geniş təqdimat keçirildi.
Təqdimatda münsiflər heyətinin üzvləri - Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəvanə Əliyeva, YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Ziyad Nəbiyev, Binəqədi Mərkəzi Mədəniyyət Evinin direktoru Zivər Abbasova, YAP Binəqədi rayon Təşkilatının əməkdaşları, 100, 143 və 246 saylı orta məktəblərin rəhbərlik, müəllim, şagird kollektivi və Kəlbəcərdən olan ağsaqqallar iştirak etdilər.
Təqdimat Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başladı. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın bu ilin aprel ayında cəbhə bölgəsində həlak olmuş şəhidlərimizin ailələri ilə görüşündən bəhs edən videoçarx nümayiş etdirildi. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra təqdimatda Kəlbəcər rayonunun tarixindən, coğrafiyasından, adət-ənənələrindən, tarixi abidələrindən, şəhidlərindən, görkəmli şəxsiyyətlərindən və erməni işğalından sonra rayonun vəhşicəsinə dağıdılmasından bəhs edildi. Bununla bağlı videçarxlar göstərildi.
Təqdimatın bədii hissəsində orta məktəblərin istedadlı şagirdlərinin ifasında Qarabağa və Kəlbəcərə həsr olunmuş muğamlar, mahnılar, şeirlər rəqslər ifa edildi. Kəlbəcər rayonunun işğalından bəhs edən səhnəcik təqdim edildi.
Təqdimatda münsiflər heyətinin üzvü Zivər Abbasova çıxış edərək “Qarabağ həftəsi” layihəsi və Kəlbəcər rayonuna həsr olunmuş təqdimat barədə fikirlərini bölüşdü. Hər bir azərbaycanlının işğal altındakı topaqlarımıza tezliklə qovuşmaq arzusu ilə yaşadığını qeyd etdi. Bu cür vətənpərvərlik layihələrinin gənclərin yetişməsinə töhfə verdiyini bildirdi.
Təqdimatda Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Bərzani Əsgərov çıxış edərək muzey haqqında ətraflı məlumat verdi. Bildirdi ki, içərisində 30 mindən artıq tarixi əhəmiyyətli əşya olan Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi 1980-cı illərin əvvəllərində yaradılıb. Ancaq təəssüflər olsun erməni işğalı zamanı həmin muzey də digər tarixi əhəmiyyətli obyektlərimiz kimi ermənilər tərəfindən dağıdılıb.
Kəlbəcər rayonunun sabiq deputatı, keçmiş döyüşçü Əlövsət Ağalarov isə çıxışında Kəlbəcər rayonu haqqında xatirələrini bölüşdü. Oranın zəngin tarixindən, təbiətindən bəhs etdi. Bütün Azərbaycan xalqına qələbə günləri arzu edərək tez bir zamanda Qarabağ torpaqlarımıza qayıtmağı arzu etdi.
Təqdimatın sonunda tədbir iştirakçıları birgə xatirə fotosu çəkdirdilər.

Keçidlər